Firidun Ağazadə - Kim ola Məmmədin qızı?

Ədəbiyyat 18:41 / 12.11.2026 Baxış sayı: 583

***

Kim ola Məmmədin qızı? -

biz ondan ötrü ölərik,

dözüb ölmürük hələlik.

siz bilməzsiz, biz bilərik,

kim ola Məmmədin qızı.

Sevmək bizə əlac oldu,

ayrı sənət, peşəmiz yox.

sevgimiz də, davamız da

Məmmədin qızı ilədir,

ayrısıyla işimiz yox.

Qoşa Qala qapısında

Paytaxt siqareti kimi

əcəb çəkirəm dərdimi.

Ondan yenə xəbər yoxdur,

Ya Rəbb, çəkirəm dərdimi.

Kim ola Məmmədin qızı? -

qəmli bir eşqin yavrusu,

meşədə armudun yaxşısı -

ayının qisməti oldu,

Məmmədin qızı, bax, odur.