Kəmaləddin  Qədim - CAN QOYURAM

Ədəbiyyat 10:10 / 13.11.2026 Baxış sayı: 890

 

İçim elə sən doludu bilirsən,

Başınadı dörd bir yanım, başına.

Gəl, səninlə diriləcəm dirilsəm,

Gəl, a gülüm, gəl, dolanım başına.

 

Dadlı dilin gətirməsin bir də yox,

Görüm yoxsan sehirdə yox, sirdə yox.

Sözbazına söz qoşmağa yer də yox,

dönmürəm ki, bəyin, xanın başına...

 

Təki adı gəlmək olsun, gəl elə,

Gəl, özünə sinəm üstdən yol elə.

Kəs, qanımı axıt, yerdə göl elə,

yığışsınlar ellər qanın başına...

 

Şahid olsun saçımdakı dən azı,

Qiymət deyim ən kəsəsi, ən azı;

Can qoyuram bu işvənin, bu nazın,

bu ədanın, bu ərkanın başına...