Arzu Hüseyn - Yadımdaydı o baharın istisi...

Ədəbiyyat 14:25 / 12.11.2026 Baxış sayı: 299

Yadımdaydı o baharın istisi,

Nəfəs almaq zaman qədər dar idi.

Otağımda siqaretin tüstüsü,

Eh, yoxluğun necə də aşkar idi.

 

Pəncərəmdə neçə ayın toz qatı,

Şüşələrin gözü görmür küçəni.

Yaşayırdım bu zəhrimar həyatı,

Qədəh-qədəh bitirərək gecəni.

 

Yazıb, cırıb tulladığım vərəqlər

Döşəmədə tör-töküntü, zir-zibil.

O güzgüdən mənə baxan adamı

Biri qəsdən öldürürdü elə bil.

 

Biri qəsdən yox edirdi günbəgün,

Ümüdləri əl üzmüşdü duadan.

Dağılırdı, tökülürdü büsbütün,

Yıxılırdı öz içindən bu adam.

 

Yadımdaydı qərarsız addımların,

Hər sözünün arxasında bir nida.

Topladığın çantaların, bir də ki

Gözündəki iki damla əlvida.

 

Ah, dalınca necə çaxdı göy üzü,

Səpələndi küçəmizə yağışlar.

Getmə, dedim, ay günəşim, gündüzüm,

Titrəyərək pıçıldadın, bağışla!

 

Ah, yağışlar izlərinə toxundu,

Qara bulud toran etdi gündüzü.

Ah, o səhər necə qəlbim sıxıldı,

Ah, dalınca necə çaxdı göy üzü…