Sabir Zəkullaoğlu - . Çalışın heç vaxt qurban getməyəsiniz.

YAZARLAR 10:23 / 27.05.2026 Baxış sayı: 595

Adətən bayramlarda təbrik yazmıram. Çünki bayramlarda təbrik yazanlar çox olur deyə, mən də bir post yazıb dostlarımı yormaq istəmirəm. İşim ancaq təbriklərə cavab yazmaq olur. Ancaq Qurban bayramında təbrik yazmağı özümə borc bilirəm.

​Bu bayramın mənim həyatımda xüsusi bir çəkisi var.

​Birincisi odur ki, Qurbanda hamının süfrəsində bir tikə ət, ruzi-bərəkət olur. İnsanlarımız bir gün də olsa, doyun qarın yemək yeyə bilirlər. Və bu məni xoşbəxt edir. Taleh elə gətirib ki, biz millət olaraq həmişə kasıb yaşamışıq, süfrəmiz heç vaxt zəngin olmayıb. Həmişə işğal altında olduğumuz üçün millət olaraq tapdığımızı Moskvaya göndərmişik, özümüz ac qalmışıq.

​Tarix özü bizi qurban verib: rusa, ərəbə, ingilisə, monqola, daha kimlərə-kimlərə... Yerdə qalanlarımız da öz rəhbərlərimizin qurbanı olub. Qurban olmaq o qədər şakərimiz olub ki, sevdiyimiz qıza da qurban oluruq. Bizi o qədər döyüb, başıqapazlı edib əlimizdəkini alıblar ki, bu artıq bizdə adət halına keçib: Nikolaydan üzü bəri Azərbaycana kimlər gəlibsə, qorxumuzdan qabağına xonçayla çıxmışıq. Adımızı da qoyublar qonaqpərvər. Bir növ, bu qorxaqlığı mədəni hadisəyə çeviriblər. "Hər işdə bir xeyir var" məsəli də elə burdan qaynaqlanır.

​Məsələn, inkişaf eləmiş ölkələrdə bayram günləri hiss olunmur. Onları milyonlarla dəyəri olan fişənglərə pul xərcləmək xoşbəxt eləmir. Nə də həmin gün üçün ya qoç, ya da cöngə alıb kəsməyin bir nəşəsi olmur. Çünki onlar ətin acı deyillər, doyublar. Onlar üçün daha fərqli macəra və səyahətlər daha böyük maraq kəsb edir.

​Bu gün bayramdır, süfrəyə qəmli notları düzməyim.

​Hamınızı təbrik edirəm. Süfrəniz bol, canınız sağlam olsun. Çalışın heç vaxt qurban getməyəsiniz.

​Hə, bu bayramın mənim üçün önəmli olan ikinci səbəbini də deyim: Mən ətçiyəm.

​Bu gün mənim işim gərçəkdən xod gedir, sifarişlərim artır, "qurbanlarım" çoxalır. Elə bil Allah qurbanı olduğum, qurbanlıq qoçu İbrahimə yox, mənə göndərib. Bu gün mənim üçün əsl bayramdır.

​Bayramınız bir daha kutlu olsun!