Ağamir Cavad - QURBAN BAYRAMINIZ MÜBARƏK!

Ədəbiyyat 10:15 / 27.05.2026 Baxış sayı: 372

 

Qurban kəsirik, Tanrı qurbanı qəbul etsin,

Kəssin hər axan qanı, bu qanı qəbul etsin.

 

Ən ali ibadətdir Haqqa verilən qurban,

Qurbanlığa bu cismi, bu canı qəbul etsin.

 

Haqq sevgisi hər qəbdə iman ocağı çatsın,

Hər kimdə məhəbbət var, imanı qəbul etsin.

 

Hər ayəsi bir fateh, hər surəsi bir ordu,

Yekdillə bütün dünya Quranı qəbul etsin.

 

Qəlbimdə inam vardır, iblis yaxına gəlməz,

Qoymaz ürəyim bir də şeytanı qəbul etsin.

 

Həsrət yolu qəm-möhnət, hər eşqi sınaq eylər,

Varmı elə bil aşiq hicranı qəbul etsin?

 

Oğluyla dəyər vermiş eşqinə Xəlilullah,

Haqq aşiqi kimdirsə, bu anı qəbul etsin.

 

Dərk eyləyə bu rəmzi, qurban edə ac nəfsin,

Onda düşünər İblis insanı qəbul etsin.

 

Çox dözdün, Ağamir, sən, bir müjdə edib Tanrı

Versin sənə də hər cür imkanı, qəbul etsin.