Vasif Süleyman - TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ…
Bu şirin bəlanın iki canı var,
Tək özüm olsaydım, nə varıydı ki...
“O” adda, “mən” adda bir həyanı var,
Tək özüm olsaydım, nə varıydı ki...
Bir yolun üstündə bu alov, o nəm,
Bəlkə də taleyin qarğışı mənəm.
Yaxşı düşünməyin məni, cəhənnəm,
Tək özüm olsaydım, nə varıydı ki...
Bir dəli sevgidir - uludan-ulu,
Nə olsun, həsrətdən düşübdür yolu.
Körpəcə mələk var, ölüm arzulu,
Tək özüm olsaydım, nə varıydı ki...
Ömrü hara çəkə, hara çəkməyə…
Taleyin üstündən qara çəkməyə.
Hazırdı özünü dara çəkməyə,
Tək özüm olsaydım, nə varıydı ki...
Birlikdə çəkirik şirin bəlanı,
Bizsiz yazılanın yoxdur yalanı.
Kimsə ovudammaz mənsiz qalanı,
Tək özüm olsaydım, nə varıydı ki..