Əşrəf Veysəlli - TOXUNAN YERİ

Ədəbiyyat 11:38 / 26.05.2026 Baxış sayı: 376

 

Sənə demədimmi ürəkli tərpən,

Sənə demədimmi yaxına yeri.

Bir “ hə” gözləyirdin yar dodağından.

İndi” olmaz” ınan, “ yox” unan yeri.

 

Onsuz gecəm zülmət, günüm gecədir,

Yaşamaq özü də bir işkəncədir.

Oxuya bilmədim, görəm necədir

Bu gözəl nəğmənin oxunan yeri.

Küləklər —darağı, sular —güzgüsü,

Günəş— gözlərinin bir görüntüsü.

Gəlişi— sinəmdə qəlb döyüntüsü,

Geduşi— könlümün sıxılan yeri.

O qız kainatın dörd tərəfində,

İşıq tərəfində, zər tərəfində.

Qayğılı dünyanın hər tərəfində

Duyğulu dünyamın sığınan yeri.

Mən onu nur kimi gözdə bəslərəm,

Büküb nəğmələrə, sözdə bəslərəm.

Öpüb gözlərimun üstdə bəslərəm

Onun gül əlləri toxunan yeri.

1994-cü il.