Əlizadə Nuri - Dünya
Yaxşı ki, dünyada yaxşılıq ölmür,
Yaman deyiblər ha- yamandı dünya.
Bu gün baxarsan ki, taxıl zəmisi
Sabah baxarsan ki, samandı dünya.
Hər gün torba tikər iynəsi, sapı,
Çoxdan itiribdi haqqı-hesabı.
Bir bəyin evində quzu kababı
Bir qul komasında yavandı dünya.
Kimə səfası var, kimə cəfası,
Yas kimi toyu var, toy kimi yası.
Kimini oynadan oyun havası
Kimini ağladan kamandı dünya
Haqsız ola-ola ölüm də haqdı,
Min yaşı olsa da, hələ də sağdı.
Ömür dediyimiz silsilə dağdı
Bu dağ ətəyində dumandı dünya.
Günəş göylərindi, kölgə dünyanın,
Daş atıb kim çəkdi bərkə dünyanı?
Tavanı deşilib bəlkə dünyanın-
Haçandı üstümə damandı dünya..