Rəfail Tağızadə - ÜMİD YOLU
(Unudanlar unudulurlar...)
Biz tarixi yaşayırıq, tarix bizi yaşadacaqmı?!
Cavab verə bilməyəcəyimiz sual dolu zamanın içindəyik. Kimi özünü görür, kimi özünü göstərir, kimi özünü axtarır bu yarıqaranlıq zamanın içində.
Çox təəssüf ki, sənə və sənin yaşadığın dövrə, tarixə tarixin verdiyi qiymət bəzən o qədər gec olur ki, ondan xəbər tutmaq imkanın olmur. Bütün bunlardan xəbərsiz olursan. Tarixin dönəmlərində ona verilən qiyməti nə dəyərləndirə bilirsən, nə də düzəliş edə.
Bunu zaman göstərəcək. Bizim, bəlkə, görə bildiyimiz, bəlkə görə bilmədiyimiz əlahəzrət zaman.
***
Bəlkə də, ən çətin iş həbsdə olan dostuna məktub yazmaqdır. Dərdi özündən böyük insana ümid və təsəllidən başqa bir söz deyə bilmirsən. Boşalmaq əvəzinə dolursan, yüklənirsən. Nədən başlayıb, nədə qurtarasan? Nəyinsə yerində olmayacağından, düzgün başa düşülməyəcəyindən, anlaşılmayacağından ehtiyatlanırsan. Bu daş kimi dözümlü insanların həssas könlünə toxuna biləcəyindən çəkinirsən. Sənə elə gəlir ki, o sənin məktubunu təklikdə, gecəyarısı oxuyur. Hər cümlədə də bir təsəlli axtarışında...
Olanlara müəyyən don geyindirib, bir az bəzək-düzək verib (amma ehtiyatla) kağızı möhkəm-möhkəm qatlayıb (ütüləyib) içəri göndərirsən. İçəridən bayırın daha yaxşı, aydın göründüyünün fərqində belə olmadan. Bilmədən.
Hökm verilənə kimi hər gün ümid axtarışındasan. Arzusundasan. Hətta bunun mümkünsüzlüyünü tam dərk etsən belə. İnsan ən pis, ən çətin anda belə ümidini üzmür, itirmir. Hələ söylənilməyən son sözə, hökmə qədər yaşayır ölüb-dirilən ümid.
Ömürdən ötən və itən bir ay
Düz bir ay keçdi bu olaylardan. Sizin buralardan uzaq düşməyinizdən. Günü aylarla ölçülən bu zaman təqviminin bir ayını da başa vurduq. Adamın inanmağı gəlmir. Ağrı dolu gündüzü gecəyə, səhərin açılması adıyla adını yatmaq qoyduğumuz gecəni gündüzə necə çatdırdıq, caladıq?! Necə yaşadıq?! Və ay adlandırılan 30 günü necə başa vurduq?! İndi özümüzü təəccübləndirən ömrün və ilin ay adlı bu zaman kəsiyini necə adladıq?! Aşırma təqvimin ötüb-keçən bir səhifəsini aşırmaq, 24 saatın yaşanma ağrısında daha ağır imiş. Günlər öz ömrünü başa vurur. Biz bütün bunlarla sabahkı günə daha ümidlə baxmaq məcburiyyəti ilə razılaşmalı oluruq.
Bir-birinə oxşar, içindəki əzabları ilə biri-birindən cüzi fərqlənən günləri özündə daşıyan bu bir ay da beləcə ötdü. Ömrümüzün səhifələrinə yazılmasını istəmədiyimiz bir ay.
Şəhərdə, ölkədə baş verən narahatçılıq burda da özünü göstərir. Əvvəlki qələbəlikdən əsər-əlamət qalmayan bu məkanda bir YOXluq hiss olunmaqdadır. O YOXluğun cəmiyyətə və kəmiyyətə bu qədər təsirini bilməyənlər bilmək, duymayanlar duymaq, anlamaq məcburiyyətindədirlər. Gəlməsələr də…
Bu böyük mənada FƏRDin təsir imkanlarının təzahür nümunəsi idi.
Təəssüf doğuran daha bir məqam bu qışa üz qoyan payızda həyətdəki qızılgüllərin açması idi. Bəlkə gələcək günlərə bir işarə idi bu. Bağın ağaclarının yarpaqları, otların rəngi get-gedə yaşıllaşır, solmaq bilmir. Təbiət, deyəsən, həyatın davam etdiyini anlatmaq istədir o biri canlılara.
Bu səssiz məkanın sükutunu açılıb-bağlanan qapının cırıltısı pozur. Bir də bizim özümüzün özümüzə çatdırmaq istədiyimiz, küləyin aparacağından qorxan, özümüzə güclə çatan, içəridə çox-çox uzaqlara ünvanladıqlarımızdan fərqli, xəfif, çox xəfif və bəzən təklikdən utanan sədamız. Sədamız yox, səsimiz. Yuxarıdan aşağıya uzanan, sanki utanırmış kimi, getdikcə gizlənən pilləkənlərdə yol verib keçməyə adam tapmadığından özün-özünə salam verməli olursan. Səsini içinə almış qaranlıq zaldan o yana bir iki otağın işığı, səs-küyü gəlir.
Yuxarıdan eşidilən ayaq səslərini duyub, pilləkənlərlə sağollaşıb yuxarı qalxırsan. Nəsə xəbər var, deyib. Artıq bizə çox hündür gələn o üç pilləkəni qalxıb içəri daxil olursan. Diqqəti ilk çəkən işığı yanmayan, açarla bağlanmış qapı olur. İndi kimsə bu qapıdan içəri keçmək istəyində deyil. Heç növbə də yoxdur.
Bu otağın yaratdığı ovqatı düzəltmək üçün gələn adamın üstünə qaçırsan. Təzə xəbər eşitməyə... Sağdakı üç otağın boşluq ağrıları adamı diksindirir. Arabir açdığım dördüncü otağın və həmişə səs-küy gələn beşinci otağın səsinə hərdənbir mətbəxdəki çaynikin səsi də səs verir. Ancaq geriyə dönəndə pəncərəni görürsən. Bu otaqlara işıq salan pəncərəni. Və düşünürsən ki, bu pəncərədən bu otaqlara həmişə işıq düşəcək. Axı hələ payız qarışıq qışdır. Qaranlıq doğrudan da tez düşür. Qarşıdansa bu yaxınlarda bizi müvəqqəti tərk etmiş yazla yay gəlir. Və nədənsə yadıma Əli Kərimin məşhur ifadəsi düşür:
...Qayıt yerinə qoy bu kainatı...
Siz də qayıdın. Qayıdın, yerinə qoyun o səs-küylü məkanı.
Təbrik üçün açan qızılgüllər də Sizi gözləyir.
P.S. Hər şey təsvir olunan kimi də deyil. Bunlar istəyin ürək ağrılarıdır.
Həyatsa davam edir.
18.11.2003
Ömürdən ötən və itən iki ay
Bəlkə də belə yazıları Siz ən çox məndən gözləyirdiniz. Mən də hər gün məktub yazmaq istərdim Sizə. Yazı adamı ürəyindən keçənləri daha çox kağıza köçürə bilir, nəinki dilə gətirir. Amma Sizin üçün ora yazmaq istəməzdim. Yazası olsaydım, hər günün, hər saatın ağrılarını, ayrılığını yazardım. Yazmadım. İçimin boşluqlarına yazası oldum yazılasıları. Sətirbəsətir köçürdüm. Heç bilmirəm sonradan bir kimsə oxuyacaqmı bu yazıları. Amma mən bütün ömrüm boyu vərəqləyəcəyəm o ağır yüklü, güclə daşıdığım vərəqləri.
Zaman ötür. Amma hər şeyi dəyişən zaman hələ də bəzi mətləbləri dəyişə bilmir. Belə anda insanları dəyişən zaman hadisələrin yaratdığı psixoloji durumu, vəziyyəti, insanları və insan psixikasına təsirini hələ ki, dəyişə bilmir. Situasiyanı, insanların mənəvi və psixoloji durumunu, ab-havanı, hərənin bu prosesi bir cürə keçirməyini çoxlarından daha yaxşı anlasam da, onların mənə, bizə və bizim kimilərə danışan baxışlarını anlaya bilmirəm. Əridə bilmirəm içimdə. Düz olmasalar da, təbii qəbul etmək istəyirəm hərdən. Amma o baxışın, o danışığın içərisində heç olmasa həyatını, taleyini, sağlamlığını, nəyi vardısa hamısını bu yolda qoymuş bu insanların etmək istədiklərinə “heç olmasa nə isə etmək istədiniz, amma...” ifadəsini o baxışlarda oxumaq mümkün olsaydı! Hamı sənə torpaqları verən adam kimi baxır (hərbiçilərə necə baxırdılar, o cür). Mən həm də hamını bağışlamağı, başa düşməyi bacaran və bacarmaq istəyən adamam. Amma bu başqadır. Tam başqa...
Biz hər şeyi nəzərə almışdıq. Ancaq bu qədər biganəliyi və etinasızlığı, nifrəti heç təsəvvür belə etmirdik.
Hər bir belə prosesdən (adətən müharibədən) sonra bir inamsızlıq, etibarsızlıq olduğunu da anlayıram. Qəbul edirəm.
Bizə lazım olan zaman yaman gec gedir. Heç bir fiziki qanuna uyğun olmayan bir sürətlə.
Bayırdakı vəziyyəti tam dəqiqliyi ilə nə eşitməklə, nə də oxumaqla başa düşmək mümkün deyil. Prosesləri öz axarına buraxmaqdan ötrü bəlkə də səbir lazım idi, səbirləri tükənmiş bu insanlara. Amma Sizin burda olmağınız daha vacibdir. Əyilmiş qaməti düzəltmək üçün. Bütün bunlar Sizin çiyninizin gücündədir. Bizlər əlavə dirəklərik və bacardığımız qədər əyilməyə, dağılmağa qoymadıq olanları. Bacardığımız qədər yaşatdıq da. (Yüklər də nəyə görəsə hesablanır axı).
Qayıdın, qayıdın yerinə qoyun bütün bunları. Hər şey o qayıdışı gözləyir.
İliniz köməyiniz olsun!
25.12.2003
“Mən yazdıqca bu proses uzanır. Həbs davam edir” –deyə dayandırdım yazmağı.
Kaş ki, davam etdirəydim. Yazaydım. O dövrün, o günlərin, ayların reallıqları yazılarda qalardı. Təkcə yaddaşlarda, xatirələrdə deyil.
***
36 yaşınızı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parkda keçirtdik. Bu cür addım Azərbaycan tarixində ilk dəfə idi. Piketlə, plakatlarla, şəkillərinizlə. Səs-küylə. Hamı şoka düşmüşdü. Hətta polislər də. O vaxt hər şey başqa cür idi. Hamının pıçıltı ilə danışdığı zamanlar idi, o zamanlar. Dostların çoxu o həndəvərə fırlanmaqdan belə çəkinirdilər. Müharibədən sonra qəhrəmanlar həmişə çoxalır. İndi o həqiqi dostlardan yanınızda olanı da var, olmayanı da...
məhkəmə binası qarşısında
kədərli məhkəmə binasının yanındakı
yaşıl parkda oynaşan uşaqlar
nə başa düşürlər
içəridəkilərin azadlıq sevdasını...
bilsəydilər
səs-küy salıb
səni tutdum, səni tutdum, - deyə
qışqırmazdılar...
18.08.2004
Bunlar da vardı.
Həyat davam edirdi.
Konfrans zalında böyük bir şəkliniz asılmışdı. “36 yaşın mübarək!” sözüylə birlikdə. O fərqli vaxtın sükutunun içində tamam başqa bir aktivlik, əminlik vardı. İçəridən bayıra axan, göndərilən ümidin təsiri idi bütün bunlar. İndi o vaxtları, o vaxtların fərqli şəkillərini göz önünə gətirəndə adam nələr yaşadığını təsəvvüründə belə canlandırmaq istəmir...
İndi adama çox ağır gəlir – həbs, Bayıl və Siz ifadəsi...
Ağrıların, acıların çoxunu özünüz çəkdiniz. Təkcə dostlar, yaxınlar bildi onların Sizə nələr yaşatdığını...
Həbsdə adamı olanın günü həbsdəkilərin günü kimi keçir. Gün, ay qurtarmaq bilmir. “Oxunan illər” adamı əsrlər qədər özündən, doğmalarından uzaqlaşdırır.
İçəridən gələn təsəllilər yaşatdı bizi. Sabaha ümid, hər şeyin daha yaxşı olacağına hamını inandıran o damalı kağızda yazılan sözlər əlavə güc verdi hamımıza. “Hər şeyi yenidən başlayacağıq, hər şey yaxşı olacaq” fikirlərinin arxasınca sadalanan proqramlar yorulmuş, süstləşmiş, tənhalaşmış adamlara yoxdan bir ruh verirdi. Artıq ruhunu itirmiş adamın özünə qayıtması prosesi başlayırdı.
Yeni qurulmuş, hələ zamanın sınaqlarından çıxmamış, sədri həbs olunmuş Ümid Partiyasını qoruyub saxlaya bildik. Bunun nə qədər çətinliklər bahasına olduğunu dostlar bildilər.
İçəridən bayırdakılara yaşamaq stimulu verdiniz. Hər şeyin yaxşı olacağı ümidinə inandırdınız. Mübarizəyə səslədiniz. Hər şeyin bitmədiyinə inam yaratdınız. Gələcək fəaliyyət proqramını göndərdiniz. Həbsdə verdiyiniz proqnozlar özünü doğrultdu. Bu da bizi bir az da həvəsləndirirdi.
***
Gözlədiyimiz günü Ağsunun aşırımında eşitdik. Akif, rəhmətlik Valid və mən. Səsimiz, küyümüz dağlarda əks-səda verirdi. Çığır-bağırı sevməyən, mitinqlərdə qışqırmayan mənim də səsim dolaşır o yerlərdə.
Ağsu aşırımındakı “Azadlıq mücahidləri”nin azadlıq xəbərinin sevinc sədaları indi də hər külək əsəndə o dağlardan, dərələrdən eşidilir.
Hər dəfə o yerlərdən keçəndə qayalardan, dərələrdən o səslərin içində öz səsimi də eşidirəm.
Payızda daha çox eşidilir o səs. Sakitlikdə bir uğultu kimi...
Necə gəlib çatdığımız yadımda deyil. Amma biz rayondan Bakıdakılardan daha tez gəlib çatdıq həbsxana qarşısına. İzdihamın önündəydik. Bağlı qapılara dikilən gözlərdən sevincdən islanmış nəm baxışlar boylanırdı.
Allah bütün bağlı qapıları açsın. Gözləyən gözlər sevincdən yaşarsın.
***
Getdiyiniz yerə, parlamentə qayıtdınız. Təzədən seçilərək. Etimad göstərilərək. Bu da Azərbaycan tarixində ilk dəfə idi. 2003-cü ilin prezident seçkisindən sonra parlamentdən həbsə, sonra həbsdən parlamentə.
Qayıtdız.
Ümidə ümid verdiniz.
Çox qapılar açdınız. Bütün qapıları da şəstlə. Hətta ən ağır qapıları belə. Açılmayan bəzi qapılar qaldı. Onları da açarsınız. İnşallah.
O qapıların cırıltı səsi eşidilir...
***
Zaman illəri ağuşuna alıb öz xəlbiriylə il-il, ay-ay çalxalayır. Sən və zaman ləngəri. Atılanlar və oturanlar. Oturmuşlar. Oturdulmuşlar. Görənlər, görünənlər. Göstərilənlər.
Hakimiyyətin özünün yaratdığı müxalifət partiyalarının da özünü doğrulda bilmədiyi bir zamanda Ümid Partiyası özünün gücüylə ölkənin aparıcı, protokol partiyalarından birinə çevrildi. İqtidarlı, müxalifətli hamı Ümid Partiyası ilə hesablaşmalı oldu.
Xalq hərəkatından gəlməyən, hakimiyyətdə heç bir dönəmdə təmsil olunmayan bir partiya üçün bu çox çətin idi.
“Bunlar hamımızın sayəsində oldu” desəniz də, əsas güc Sizin ardıcıl, davamlı, prinsipial mövqeyinizlə oldu.
Yeni dönəmdə Milli Məclisdə müxalifəti təmsil edən millət vəkili oldunuz.
***
Qərəz, intiqam hisslərindən uzaq olaraq hamını, hətta Sizə qarşı amansız olanları belə bağışlamağı bacardınız. Ən ağrılı şeyləri də unutdunuz. Bir nümunə oldunuz. Bu nümunələr bitmədi...
Millətə, xalqa, dövlətçiliyə görə birincilikdən imtina etmək təklifini verdiniz. “...Mən prezidentliyə namizədliyimi geri götürürəm. Təki demokratiya qələbə çalsın...” deyə. Demokratiyanın bir hadisə deyil, proses olduğunu təkrar-təkrar söylədiniz. “Bu uzun yoldur. Bu yolda səbir, dözüm, ... bağışlamağı bacarmaq lazımdır” –dediniz.
Bu yol ümid yoludur
Siyasi birliyi qurmağa, qorumağa çalışdınız. 2003-də də, 2009-da da, 2013-də də... 2003-ün sonunu görürdünüz. (2003-də “bunun sonu həbsdir” deyirdiniz.) Amma sonacan getdiniz. Heç bir şey istəmədən. Ummadan. İddiada olmadan. Sözünüzdən dönmədiniz.
Dostların düşüncələrinə, yanaşmalarına soyuqqanlılıqla, anlaşıqla yanaşdınız.
“Siyasət emosionallığı, çılğınlığı, qəzəbi, kini sevmir. Anlayışı, düşüncəni sevir. Barışı sevir. Bu millət üçün, xalq üçün gedilən bir yoldur. Bu yolda bağışlamağı bacarmalısan. Hamıya qucaq açmalısan. Hamını bir çətir altına yığa bilməlisən” –dediniz hər zaman.
Heç kimə fərq qoymadan sizi ən çox tənqid edənlərin müdafiəsinə qalxdınız.
Hər yerdə fərqləndiniz. Məktəbdə də. Universitetdə də. Əsgərlikdə də. Siyasətdə də.
Bir insan, bir siyasətçi kimi şərəfli bir yol keçdiniz.
Qarabağ savaşından keçən bir siyasi lidersiniz.
“Sizdə lider üçün lazım olan bütün keyfiyyətlər cəmləşib: görünüş, səs, diksiya!” Bunu xalq artisti, sevimli Flora xanım Kərimova partiyanın qurultayındakı çıxışında söylədi. Bir sənətkar kimi.
Bizsə Sizdə həm də məntiq, təşkilatçılıq, insanların fikrinə, düşüncəsinə təsir etmək, arxasınca aparmaq qabiliyyətinin olduğunu bildiririk.
Tanrının lider üçün verdiyi və insanın özünüz əldə edə biləcəyi hər şey.
17.09. 2013