Başa düşülən və düşülməyən yanğılar - Fərrux Cəfərxanlı
Adam,adam kimi get,
Gəlişin xoş oldumu?
Gəlib yedin ömrümü,
Yediyin nuş oldumu?
(haqqında bəhs edilən şairədən)
Oxuduqlarımdan yadımdadır ki,bir dəfə Nazim Hikmət böyük şairimiz İslam Səfərlinin
"Suların çin-çin oldu,Xəzərim,
Ləpən göyərçin oldu,Xəzərim."
şeirini oxuyarkən ona deyib:"Bu şeirə qətiyyən musiqi bəstəsi olmasın,bu şeir özü musiqidir."
Əlbəttə,İ.Səfərli bu gün söz yığınından nəsə yaradaraq bəstəkar yanına qaçan şairlər kimi deyildi və N.Hikmət də kimə,hansı şeir üçün nə dediyini gözəl bilirdi.
Bu yaxınlarda adını çəkməyəcəyim bir qızın,ya qadının səhifəsi tuş gəldi mənə.FB-dən məsləhət görürdülər ki dostluq göndərim,daha doğrusu izləyim.Mənimsə əlimdən bu iş gəlmir.Sosial şəbəkələr özümüzü nə yaxşı ki,tanıtdirdı özümüzə.Birinin yazısını bəyənməyə,ya ona fikir bildirməyə peşman olursan,özlərini elə aparırlar ki...Yaxşılar məni bağışlasın,amma bu belədir.Adamlarda mərifət,səviyyə o qədər aşağı düşüb ki,dərhal başqa yerə yozurlar.
Bəli,bu qızın şeirlərindən birini,ikisini,beşini... oxuyub fikrə getdim,duyğulandım deməzdim,özümü başqa aləmdə hiss etdim.Dahi Nazim Hikmətin sözünü xatırladım:"Bu şeirə musiqi bəstələnməsin..."Heyhat,bir şeirə "yazılmış" mənasız (mənə görə) musiqini azacıq dinlədim və təəssüf etdim,madam musiqi bəstələnir,gərək həmin şeirin səviyyəsində yazılan bir musiqi olsun.
Doğrusu,bu şeirlər hazır bəstələnib üstümüzə göndərilmişdi:
Ada öz halındadır,
Dayanıb öz dəmiylə.
O adaya yol yoxdur,
Nə uçaq,nə gəmiylə.
O Adaya söyləyin,
Dinə,imana gəlsin.
Ya dənizlər çəkilsin,
Ya o limana gəlsin.
Başqa bir şeirdə sanki bütün dinlərin mollalarının,kardinallarının,rahiblərinin,yepiskoplarının və hətta dinsizlərin səsi biri-birinə qarışmışdı:
Bu yollar nə yaman vəfasız imiş,
Gətirmədi səni mənə.
Nə tərsa olmadım,nə də ki xaçlı,
Nə də qoymadılar sən adlı dinə.
Digərində:
Bir dəli çovğun qopa,
Rastına düşə biri.
Əlləri buz bağlaya,
Donub üşüyə biri...
Aylar keçə,ötə il,
Sən hələ düşünəsən:
"Ovcumda isinən əllər,
Görən indi neyləyirlər?!."
Şairə qız adamı düşüncələrə dalmağa,arzu içində boğulmağa,qarlı-şaxtalı qış günündə şövqlə dağa-daşa düşməyə,donmağa sövq edir.Xəyala qapılırsan:"Kaş rastına düşən mən olaydım,o "qayğıkeş,humanist qızdırıcı,qızmar soba" məni isidəydi..."
Bu qız dünyanın gəliş-gedişindən də yaxşı xəbərdardır:
Harada bir çapar varsa,
Durub gəlib tapar bizi.
Bu dünyada yəhərləyib,
O dünyada çapar bizi.
Xanım-xatun şairənin başqa bir şairəyə yazdığı nəzirə diqqətimi cəlb etdi:
Dərdimin əlindən tutub gedirəm,
Boşlamır yaxamı dərd mərət qalmış.
Xalqa qurd ulayır,bizə it hürür,
Dağıdır yaxamı it mərət qalmış.
Xalq nehrə çalxayır,yağın yağ yeyir,
Bizdə tapılmayır küt mərət qalmış.
Xaranı,qumaşı bəyənmir xanım,
Tökülür əynimdən çit mərət qalmış.
Həyatı necə gözəl təsvir edir bu qız!
Bu yaxınlarda İraq parlamentinin qadın deputatının əmlakı müsadirə ediləndə onun evindən qızıl alt paltarı (qulağımızı çəkək ki,bizlərdə olmasın da tapılmışdı.Milli kişilərimizdən biri rəydə yazırdı ki,bizim əynimizdəki süzülüb deşik-deşik olur,sonra gedib alırıq.
Bu ağıllı şairənin məhəbbət şeirlərinin böyük əksəriyyətinin nəinki musiqi bəstəsinə,heç burada izahına belə ehtiyac yoxdur.Oxuyan bütün düşüncəli insanlar mənanı dərhal anlayır və təsirlənir:
Adam,adam kimi get,
Gəlişin xoş oldumu?
Gəlib yedin ömrümü,
Yediyin nuş oldumu?
Necə gözəl tapıntı!Bu kimi ifadələr bir çox ailələrdə işlədilir,lakin onu poeziyaya gətirmək bir hünər,istedad tələb edir.
Yaxud:
Otağımı doldurub,
Həsrətinin tüstüsü.
Xoşladığın paltarın,
Daha yoxdur ütüsü.
Şeirdən-şeirə keçdikcə müəllifin fitri istedadı,fəlsəfi fikirləri aydın sezilir:
Nağıllar yanlış olur,
Nağılda divlər olur.
Deyir cinlərin evi,
Xaraba yerlər olur.
Cismim alov içində,
Ruhum qalıb xaraba.
Qoy desinlər tək deyil,
Sən də gəl-get arada.
Şairənin mənəvi aləmində tamam başqa,saf,səması tər-təmiz olan bir dünya görürsən:
Bu axşam əylən bir az,
Gəl oturaq diz-dizə.
Samovar da qaynayır,
Bəs edər ikimizə.
Danışmırsan,susursan,
İçində nə saxlanır?
Gördüyüm yuxudursa,
Çayın niyə buğlanır?
Şairənin elə şeirləri vardır ki,mənaca çoxşaxəlidir,yəni onları həyatın bəlkə bütün sahələrinə aid etmək olar.Müəllifin məhz belə yazılarında onun nə çəkdikləri məlumdursa da,necə çəkdiklərindən xəbərsizik.İnsan və insanlıq budur!Misal üçün:
Qoş oküzü kotana,
Qoy şumlasın vəlim,hey!
Yer daşlı,öküz qoca,
Zora düşdü kəlim,hey!
Yer durur,yiyə ölüb,
Düşübdür selə,ölüb.
Ölüb ta...elə ölüb,
Oxşa,çağır,dəlim,hey!
Zamanımzda haqqımızı yeyənləri lənətləyir:
Ha qaçırıq,yüyürürük,
Kəsir,biçir çatan bizi.
Doğra gətir,süfrəyə düz,
Yesin dişi batan bizi...
Oxucu onun riyakarlıqdan,sünilik və bütün mənfiliklərdən cana doyduğunu aydın görür:
Çırpıb bu qapıları,
Çıxıb uzaq gedəcəm.
Görmədiyim adama,
Durub qonaq gedəcəm.
Həmin hallar baş verərkən adam tanımadığı saf,təmiz bildiyi birinə üz tutmaq,dərdlərini onunla bölüşmək istəyir.Nədənsə bu xanımın yaradıcılığı,ümumiləşdirdiyim cəhətləri mənə deyir ki,beləsi mədəniyyətimizin başında dursa,çox işlər görə bilər.
Bəzi şeirlər,misralar şairənin aldığı zədələrdən sarsıldığını və onun qarşısındakı adamla məcburən sərt davrandığını göstərir:
Sındırılmış güzgüyəm,
Qıraqlar kəsər səni.
Daşürəkli məxluqlar yaşamağa imkan versəydilər...
Şairə xatuna yaradıcılığında uğurlar arzu edir və oxucuları yeni şeirlər ilə sevindirməsini gözləyirik.
Ps:Maraqlı məqam odur ki,şeirlərə rəy bildirmək istəsəm də,bölüm bağlı oldu və nəticədə yazacağım bir-iki cümlə əvəzinə ürəkdən,səmimiyyətlə yazılmış bu yazı oldu.