Əlirza HƏSRƏT-  KÖVRƏLDİM

Ədəbiyyat 18:35 / 16.09.2026 Baxış sayı: 954

 

 Hər sevdaya təzim edən bəndə mən,

Düşməmişdim heç belə kəməndə mən.

Uça-uça qayıtmışdım kəndə mən,

Gördüm dağlar boynun burub,kövrəldim.

 

Kim çıxartdı bu milləti yolundan?

Büdrəyənin kim tutacaq qolundan?.

Yetim qalan o qızılgül kolundan,-

Bircə solğun çiçək dərib kövrəldim.

 

Daha məktəb yolumuzu ot basıb,

Şəklimizi dağlar köksündən asıb.

Hamı köçüb,nə varlı var,nə kasıb,

Gözüm doldu,qərib-qərib kövrəldim.

Xatirələr pərvazlandı xəzəldə,

Ömrüm-günüm,beləydimi əzəl də?

Arxamızca su atan o gözəl də,-

Ah,eləyib daha qürub,kövrəldim.