SÜLEYMAN ABDULLA - YAŞAMAQ ADINA
İstər bahar olsun, istər yay olsun,
Ömrü son ladına yaşayıram, dost.
Dünyaya gələndən dedim bay olsun,
Amma ki, badına yaşayıram, dost.
Ömür dəftərinə xoş söz yaz bir də,
Çox mində bir olar, mində az bir də...
Getdi gedəcəklər qayıtmaz bir də,
Gələcək adına yaşayıram, dost.
Olur ki, başıma dünya gəlir dar,
Əjdaha zalımın yeddi başı var.
Elə şirindi ki, həyat zəhirmar,
Aldanıb dadına yaşayıram, dost.
İştahı böyükdür indi xamların,
Hələ istisi var köhnə damların.
Nadan adamların, pis adamların,
Gəlmirəm yadına, yaşayıram, dost.
Xətlər də qarışıb nəsə alında,
Söhbətlə qazanın, sözlə qalın da...
Olur ki, tərsiyib Əzrayılın da,
Düşüb inadına yaşayıram, Dost.