Atilla BABƏKOĞLU - Ədəbiyyat Muzeyində "sevgi planeti"

YAZARLAR 11:50 / 17.09.2026 Baxış sayı: 333

 

Qazaxda gerçəkləşən  görüşdən təəssürat

 

Həyat yaşananlarla, yaşadılanlarla daha yaddaqalan, daha maraqlı olur. Bu mənada hər kəsin ömür təqvimində barmaq sayı yaddaqalan, yaşanan gün var. Məhz həmin günlər təkcə yaşayan üçün yox, həm də yaşadanlar üçün xüsusi önəm kəsb edir. Mən bunu elə-belə sözgəlişi, necə deyərlər, özünü düşüncə sahibi kimi göstərmək niyyəti ilə yazmıram. Bunu ona görə xüsusi olaraq qabardıram ki, bu günün həm önəmini, həm də qəhrəmanımın ömür təqvimində özəl yeri olduğunu diqqətə çatdıra bilim...

Bir neçə gün öncə, yəni ötən həftənin cümə günü, lap dəqiqini desəm sentyabrın 11-də şair-publisist Əbülfət Mədətoğlunun Qazax şəhərində həm bölgənin, həm də bütün ölkənin yeganə Ədəbiyyat Muzeyində oxucularla, ədəbi ictimaiyyətlə görüşü nəzərdə tutulmuşdu. Elə bu görüşün həyəcanı da onun rahatlığını əlindən almışdı. Çünki ölkənin daha çox söz adamı, ədəbiyyat adamı və ümumiyyətlə, söz və saz sənəti xüsusi əhəmiyyət kəsb edən bir guşəsində oxucularla görüşmək, onların suallarını cavablandırmaq, rəğbətini qazanmaq çətin məsələ idi. Bunu bacarmaq üçün ən azından sözünün çəkisi olmalı idi. Əbülfət Mədətoğlu da həmin o məqamları içində götür-qoy edə-edə Bakıdan Qazaxa gedirdi.

Qazaxda Ədəbiyyat Muzeyində öncədən telefon əlaqəsi saxladığı Azərbaycanın görkəmli şairlərindən biri, ədəbiyyatda sözü, yeri və haqqı olan Barat Vüsalla görüşdü. Elə ilk andan hiss etdi ki, bu görüş həm məsuliyyətlidi, həm də müəyyən çalarlarına görə qonaqdan iştirakçıları öz yaradıcılığı ilə razı salmaq, onların tələblərini qarşılamaq bacarığını ortaya qoyacaq. Axı, bu Muzeydə neçə-neçə şairin, özü də sayılıb-seçilən söz adamlarının səsi, sözü, ruhu hakimdir. Burda böyük Səməd Vurğunun, Hüseyn Arifin, Osman Sarıvəllinin, İsmayıl Şıxlının, Mehdi Hüseynin, Mirvarid Dilbazinin, Nəriman Həsənzadənin, Davud Nəsibin, Nüsrət Kəsəmənlinin, Akif Səmədin və daha neçə-neçə söz adamının görüşləri keçirilib, xatirələri anılıb, özləri dinlənilib. Bu Muzeydə Ədalətin sazı dillənib.

Bax xatırlatdığım bu ştrixlərin özü artıq Əbülfət Mədətoğlunun Qazaxda imtahan verməyə gəlməsi anlamınıyaradırdı. İmtahanın da nə demək olduğunu hər kəs yaxşı bilir. Bəli,sentyabrın 11-də saat 15:00-da Ədəbiyyat Muzeyində qələbəlik idi. Demək olar ki, konfrans zalında boş yer yox idi. Elə buradaca vurğulayım ki, rayon rəhbərliyi, xüsusilə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və onun göstərişi ilə tədbirin keçirilməsinə yaxından dəstək verən Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Gülnar xanımın, Muzeyin direktoru, AYB-nin Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsalın gərgin əməyi nəticəsində tədbirin keçirilmə prosedurları ən yüksək səviyyədə hazırlanmışdı. İştirakçılar isə həm rayon ictimaiyyətinin nümayəndələri, həm söz, saz adamları, həm də gənclər, tələbələr idi. Görüşü şair Barat Vüsal idarə edirdi. O, tədbiri açaraq öncə  Ulu Öndərin  və  şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sükut anından sonra Barat müəllim qonaq, yəni respublikanın Əməkdar jurnalisti, “Ədalət” qəzeti baş redaktorunun birinci müavini, əslən Qarabağdan olan Əbülfət Mədətoğlu barəsində təqdimaq xarakterli fikirlərini səsləndirdi. Və iştirakçıları hazırlanmış videoçarxa baxmağa dəvət etdi.

Böyük maraqla qarşılanan videoçarxdan sonra söz ədəbiyyatşünas, tənqidçi, araşdırmaçı Ramiz Göyüşə verildi. Ramiz müəllimin ətraflı çıxışı, şairin yaradıcılığı barəsində səsləndirdiyi qeydlər dinləyənləri məmnun etdi. Onun təqdimatı sanki məclisin ovqatını biraz da canlandırdı. Bu canlanan ovqata Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Ərazi təşkilat və içtimai -siyasi məsələlər şöbəsinin içtimai, siyasi  və humanitar məsələlər  sektorunda  baş məsləhətçi  Gülnar xanım  Quliyevanın  çıxışı da və bu çıxışda vurğuladığı özəl fikirlər də dinləyicilər üçün qonaq barəsində əlavə bir bilgi kimi yaddaqalan oldu. Çünki o qeyd etdi ki, bugünkü qonağımız özünün mətbuatdakı fəaliyyəti, bölgə yazarlarına münasibəti və Qazaxa olan diqqəti ilə həmişə xoş təəssürat yaradıb. Onu tanıyanlar, yaradıcılığı ilə tanış olanlar Əbülfət Mədətoğlunu həmişə müsbət dəyərləndiriblər, onun cəmiyyətdəki mövqeyini təqdir ediblər. Tədbirdə söz alan AYB Qazax bölməsinin ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu çıxışına bir məqamı xatırlatmaqla başladı. Mustafa müəllim qeyd etdi ki, mən Əbülfət Mədətoğlunu tələbəlik illərindən tanıyıram. O vaxtkı Dövlət Universitetinin birinci kursunda oxuyanda universitet qəzetinin nəzdindəki ədəbi birliyə rəhbərlik edirdi və mənim ilk şeirimi də universitet qəzetində həm də məsul katib olan Əbülfət Mədətoğlu çap edib. Onun təbiətində diqqət, qayğı göstərmək həmişə birinci sırada olub. Qonağımızın yaradıcılıq yolu həmişə tərəfimdən izlənilib və onun uğurlarına həmişə sevinmişəm. Bu gün də çox şadam ki, Qarabağda doğulan qələm dostumuz bizə qonaq gəlib.

Mustafa Rasimoğlundan sonra söz aşıq Osman Nəcəfliyə verildi. Onun ifası və məclisdə yaratdığı musiqili ovqat təbii ki hamının ürəyincə oldu. Elə bu ovqatla da davam edən məclisdə Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyevanın səsləndirdiyi Əbülfət Mədətoğlu poeziyasından nümunələr alqışlarla qarşılandı. Bu coşqulu anların içərisində söz alan tanınmış şair, hər kəsin yaradıcılığına böyük maraq göstərdiyi Saqif Qaratorpaq vurğuladı ki, iyirmi ilə yaxındır ki, Əbülfətlə bir-birimizi oxuyur, izləyirik. Amma bu müddət ərzində bir dəfə də olsun qarşılaşmamışıq. O, hətta mənim xəbərim olmadan şeirlərimi “Ədalət” qəzetində, eləcə də adalet.az və yenises.az saytlarında yayımlayıb. Bu gün mənimçün həm də Əbülfəti görmək, yaxından tanımaq fürsəti verən bir tarixdir. Onun yaradıcılığı barəsində fikirlərimi səsləndirmədən öncə dilə gətirdiyim bu sözləri ona görə dedim ki, qonağımızın ədəbiyyatda nə qədər təmənnasız olduğunu hər kəs bilsin.

Görüşü idarə edən Barat Vüsal dəyərli şairimiz Saqif Qaratorpağın fikirlərinə əlavə olaraq qeyd etdi ki, Əbülfət Mədətoğlu Qazaxda görüşü keçirilən ilk söz adamıdır ki, o, bu bölgədən kənarda doğulub. Biz adəətən daha çox bölgəmizin və bölgəmizə yaxın olan, Gürcüstanda yaşayan ədəbiyyat adamları ilə bağlı tədbirlər keçiririk. Mən obrazlı demək istəyirəm Molla Pənah Vaqif Şuşada şeir oxuduğu kimi bugün də Əbülfət Mədətoğlu Qazaxda şeir oxuyur. Biz onun şeirlərini oxuyuruq, yazılarını, yaradıcılığını izləyirik. Bu gün bu tədbirdə iştirak edən hər kəs onun barəsində çox ürəklə, sevgiylə danışır. Bu da onun özünün halal haqqıdır. Mən  onun barəsində yazılarımın birində qeyd etmişəm ki, “hami... hamı... Əbülfət Mədətoğlu hamidir. Sözün, sevginin, İlahi eşqin hamisi.Əbülfət Mədətoğlu hamıdır. Hamıdan ötrü yaşayır və yaradır.

Əziz Hami və Hamı! Sevgi şeirlərimi elə gözəl təhlil etmisən ki, səni "sevgi planeti" adlandırmaqda gördüm ki, yanılmamışam. Asif Ata mən tənqidçilərdən çox, şairlərdən (Füzulidən) öyrənmişəm deyəndə haqlıymış.

Mən də tənqidçilərdən çox, şairlərdən, xüsusən Əbülfətdən öyrənməkdəyəm.Hami Hamıya, Hamı Hamiyə eşq olsun!”

Sonra Barat müəllim sözü şair, AYB üzvü Arif Musazadəyə verdi. Arif müəllim də öz növbəsində qonaq barəsində səmimi fikirlərini səsləndirib onun ayrı-ayrı şeirləri barəsində düşüncələrini bölüşdü. Maraqlı çıxışlardan birini isə tədbir iştirakçısı, şair, AYB üzvü və hər kəsin xüsusi sayğı göstərdiyi Rüfət Axundlu dilə gətirdi. O, üzünü qonağa tutaraq qeyd etdi ki, mənim sağlıq durumumla bağlı müəyyən problemlər olmasına baxmayaraq bu tədbirdə ürəklə iştirak edirəm və bu gün burada sizin üç şeirinizi əzbər deyəcəm, sizin yaradıcılığınız mənim ürəyimcədir.

Maraqlı keçən görüşdə gənclərin səsləndirdiyi suallar, xüsusilə bugünkü ədəbiyyatımız və mətbuatımız barədə etdikləri qeydlər çox diqqətçəkən idi. Bu da onu göstərir ki Qazaxda yaşayan gənclərimiz təkcə əyalətin yaratdığı problemləri deyil, həm də ölkə müstəvisində maraq kəsb edən ədəbiyyat və mətbuat problemlərini izləyirlər. Onlar üçün əyalət və paytaxt anlayışı mövcud deyil. Tədbirin sonunda söz qonağa verildi. Əbülfət Mədətoğlu təşkil edilmiş görüşə və yaradılmış şəraitə görə rayon rəhbərliyinə, eləcə də Ədəbiyyat Muzeyinin kollektivinə, xüsusi olaraq Barat Vüsala öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu gün mən həyatımın ən gözəl anlarından birini yaşadım. Söz adamı olaraq özümə kənardan baxdım və indi sonsuz sevgi və sayğılarla hər birinizin qarşısında baş əyir və təşəkkürümü bildirirəm. Həmin o təşəkkürün və sayğının ifadəsi olaraq elə Qazaxda qələmə aldığım bu misralarla sizə bir daha demək istəyirəm ki, çox sağolun, yaxşı ki, varsınız!

 

Sirrimi heç kimə demə -

Allahım bilir - bəs edər...

Dildən sürüşər dodağa –

Kimsə eşidib bəhs edər!

 

Ömrümün qürub çağında

Bir çiçək açıb tağımda...

Bülbül coşubdu bağımda –

O da tezliklə səs edər!

 

Köklənib havam saz üstə

Ruhum şellənir naz üstə!..

Əbülfət, adını yaz üstə -

Bu sevgi sənə bəs edər!