Rəfail Tağızadə -MÜHARİBƏ... ÖLÜMƏ MÜNASİBƏTİN MAHİYYƏTİ
Müharibə bütün qanunları susdurur.
Liken Mark Anney
Müharibə ölümə münasibətin mahiyyətini dəyişir. Adi həyatda insan öldürmək cinayət sayıldığı halda, müharibədə bu qəhrəmanlıqdır.
Müharibə yoxluqlar, boşluqlar yaradan faciədir. Yaradılanların məhvidir.
Müharibə qara sükutdur. İtənlərin lal sükutu.
Müharibə keçmişlə bağlı bütün bağları qırır. Olanları əlindən alır. Əlaqələri birdəfəlik kəsir. Məhv edir. Geriyə dönüb baxanda, ancaq yoxluq görünür. Artıq keçmişi xatırladacaq heç nə olmadığından, doğulduğun yer, böyüdüyün məhlə, oxuduğun məktəb yaddaşında şəkil kimi qalır. Reallıqlar itir. Sən də bu olanlarla birlikdə tarixin arxivinə düşürsən. Boşluğa düşən kimi. Boğulursan. İçin qovrulur. Barıt, yanıq qoxuları səni nəfəs almağa qoymur.
Müharibə ölümdür, itkidir, ağrıdır. O yerləri bir daha olduğu kimi görməməkdir. Olanları xatirələrə çevirməkdir.
Müharibə uşaqları ata-anasız, ata-anaları uşaqsız, evləri viran qoyur.
Müharibəni törədənlər üçün müqəddəs dəyər, ədalət deyilən heç nə yoxdur. İnsanlara qarşı ən amansız zülmlər edilirsə, burda hansı insanlıqdan danışmaq olar?.. Haqq, ədalət itən yerdə hər şey itir.
Ağıla yox, gücə hesablanan yerdə yaşamaq çətindir. Düzən dəyişir, hər şey təbii halından çıxır.
Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də, yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da. Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib on illərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. Dərdlər eyni, ağrılar cürbəcür…
Müharibə haqqında düşüncələr
Müharibə...
Sənin süzgəcin o qədər sıx ki
ordan ağrısız keçmək çətin.
Səni arzulayanlar:
zalımlar,
müharibəni törədənlər,
silah satanlar,
ölümdən qazananlar -
insanlığın düşmənləridi.
Müharibə
dünyanın düzənini dəyişir,
sevincləri udur.
İnsanlara güllədi müharibə.
Kiminin başından dəyir,
kiminin ürəyindən,
kiminin qolundan,
qıçından...
Hamının həyatını güllələyir müharibə.
Arzular, xəyallar, xatirələr deşik-deşik.
Yaddaşlara qan damır,
gümanlara ağrılar.
Müharibənin hər hərfindən ölüm sallanır
anbaan.
Yarıcanlıların geridə qalan
əza məzarlığıdı müharibə.
Yığıb adam düzəldirlər torpaq muzeydə.
Körpə gülüşünün oğrusudu müharibə.
Sabahın abort həkimi.
Ümidlərin dəmir qayçısıdı müharibə.
Yüz illərin qəbiristanlığını
bir ayda yapandı müharibə.
İnsanların qatili,
bəşərin faciəsidi müharibə.