Rəfail Tağızadə : - Bir qərib səfil kimiyəm

Ədəbiyyat 10:55 / 15.05.2025 Baxış sayı: 1280

 

Şikəst xatirələr sıxır könlümü,

qəribə sığallar dəyir üzümə,

kimsə barmağıyla gəzir sinəmdə,

kiminsə yuxusu dolur gözümə.

 

Sağını, solunu tanımadığım

bu gecə qaranlıq betərdən betər,

bu yolsuz, cığırsız sərxoş gecənin

içində dipdiri ayıqlar itər.

 

Üzündə gecənin bəd bəhanəsi

gündüzün sehrini qovur küləklər,

yuxulu bir qərib səfil kimiyəm

bu gecə çiynimdən uçur mələklər.