Adilə Nəzər -  Eldost Bayramın səsi

Ədəbiyyat 12:10 / 31.07.2026 Baxış sayı: 551

 

(Eldost Bayramın 80 illik yubileyinə)

 

​Qiraət edir Eldost, məni tutubdu səsi,

Bülbüllər gül üstündə sanki eyləyir bəhsi.

Göylərə əlin açır, Tanrı verib nəfəsi,

Şeirdir, musiqidir – sənətinin qibləsi!

 

​Səsində ulu yurdun ahəngini duyuram,

Əlimdə nə işim var, bir kənara qoyuram.

Xəyallar aləminə bircə anlıq uyuram,

Xəyaldır, möcüzədir Eldost Bayramın səsi.

 

​Sözə ruh bəxş eyləyir, hər misrada canlanır,

Hər bir kəlmə səsində dəyişir, cilalanır.

Sanki bir bulaq axır, eşidən xumarlanır,

Beləcə məst eyləyir Eldost Bayram hər kəsi.

 

​Onun səsi can verir neçə ölməz misraya,

Ayın nuru süzülür səsindəki sədaya,

Ucaldır söz mülkünü, döndərir bir saraya,

Dinləyən hər bir kəsin o an artır nəşəsi.

 

​Nur tökülür hər zaman danışanda sözündən,

Heç nə yayına bilməz Adilənin gözündən!

Şeir deyir, ya qəzəl, musiqisi özündən,

Səsindəki notlara yazır sevgi nəğməsi.

Şeirdir, musiqidir Eldost Bayramın səsi!

 29.07.2026