Aydın TAĞIYEV, yazıçı-publisist : - “Tərcümə təcrübələri”, yoxsa tərcümə dərsləri

YAZARLAR 13:02 / 21.04.2025 Baxış sayı: 1041

 

 

 

Yeni kitablar

(Bir kitabdan aldığım təəssürat)

 

Tanınmış qələm adamı, imzası oxuculara yaxşı tanış olan Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri”  adlı qalın həcmli kitabının birinci cildi çapdan çıxıb,  oxuculara çatdırılan gündənhəm də elə ədəbi cameənin də diqqətini çəkib.

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Mətbuat Şurasının nəşrini dəstəklədiyi bu kitabda Amerika, Argentina, Çexiya, Çin, Fransa, İngiltərə, İsrail, İtaliya, Macarstan, Rusiya, Suriya, Türkiyə, Ukrayna, Yaponiya- bir sözlə dünyanın dörd qitəsində yerləşən ayrı-ayrı ölkələrin yazıçılarının hekayə, esse və söhbətlərindən seçmə nümunələr ana dilimizdə oxuculara təqdim edilib. (Bakı, “Zərdabi nəşr” MMC, 2024.)

Seyfəddin Hüseyinlinin tərcümələri, indiyəcən oxuyub tanış olmadığı, ancaq tanış olmaq istəyən hazırlıqlı intelektual səviyyəli oxucular üçündür. Qoy oxucu kütləsi bu sözlərimdən inciməsin.

Kitabı maraqla-əlbəttə, diqqət qarışıq səbrlə oxuyub  qurtardıqdan sonra yazı-pozuya az-çox bələd olan bir oxucu kimi ilk əvvəl belə bir qənaətə gəldim ki, Seyfəddin müəllim təvəzökarlıq edib, kitabın adı “Tərcümə təcrübələri” yox, tərcümə kimi ağır bir işə girişmək istəyənlər üçün “Tərcümə dərsləri” olsaydı daha çox haqq edərdi.

***

Kitabda toplanan esselər və söhbətlərdə görkəmli sənətkarların yaradıcılıqla bağlı dilimizə çevrilən əsərləri təkcə ədəbi yox, həm də köhnəlməyən, bu gün də öz dəyərini itirməyən bir əbədi sənət dərsləridir. Gənc yazarlar həmin ədəbi mətnləri diqqətlə oxusalar, əlbəttə, xeyli faydalanarlar. Həmin tərcümələrlə tanışlıq peşəkar, təcrübəli qələm ustaları üçün də yəqin ki, maraqlı olar.

***

Ana dilimizə çevirdiyi hekayələrdə tərcüməçi həm də çox maraqlı seçim edib. Əvvəlcə oxucuda xoş ovqat, gülüş, şən əhval-ruhiyyə yaradan nümunələr, sonra da oxuduqca müətəəsir olub kövrəldiyin ciddi mətnlər...

Tərcüməçi sanki müəlliflərin xəbərdarlığına şərik çıxır. Bəsdir güldük, güləndə də düşünüb kədərlənməyi bacaraq!

***

Kitabın “hekayələr” bölümündə dünya ədəbiyyatının klassiklərindən tutmuş çağdaş nəsrin görkəmli nümayəndələrinin irili-xırdalı əsərlərindən nümunələr oxuculara təqdim edilir.

Tərcüməçi dilimizə çevirdiyi mətnlərin mövzu rəngarəngliyinə, mətnlərin müəlliflərinin fərdi yaradıcılıq xüsusiyyətlərini qoruyub saxlamağa xüsusi diqqət ayırıb.

Bu bölmədə təqdim edilən tərcümələr arasında İtaliya yazıçılarının əsərləri təsirləndiricidir. Bir İtaliya yazıçısının hekayəsinin sujeti əsasında uzun illər bundan əvvəl çəkilmiş gürcülərin qısametrajlı məhşur “Küp” filmini xatırlaya-xatırlaya İtaliya ədəbiyyatının geniş təsir dairəsini bir daha yada salırsan...

                             ***

Kitabdakı bəzi mətnlərdə yeri gələndə oxucuya gərəkli izahların, şərhlərin çatdırılması da tərcüməçinin öz işinə məsuliyyətlə, ciddi yanaşmasından soraqverir. Axı , Seyfəddin Hüseynli neçə illərdir ki, AYB Tərcümə Mərkəzinin dərgisi olan “Dünya ədəbiyyatını”nın baş redaktorudur və onun redaktəsi ilə indiyəcən qalın həcmli bu dərginin bir-birindən maraqlı neçə-neçə sayı oxucular tərəfindən maraqla, rəğbətlə qarşılanıb.

***

“İstənilən əhvalatın kökündə  onu qələmə alan insanın həyat təcrübəsi dayanır. Yəni həyat təcrübəsi təxəyyülün qida məhsuludur.”

(M.V.Lyoşa. “Gənc yazıçıya məktublar” silsiləsindən “Koteblepas” essesi.)

Tərcüməçi A.Soljenitsinin ən məşhur əsərlərindən olan “İvan Denisoviçin bir günü” povestini də dilimizə çevirə bilərdi. Ancaq bu gün Azərbaycan oxucusuna həcmcə lakonik, məzmunca dərin məzmunlu belə mətnlərə ehtiyacı var.

“Bəşər tarixinin dərinliklərinə varıb, çox-çox qədimlərlə bugünkü günü tutuzduranda, məyus halda boynunu əyirsən; hə, deməli, dünyanın nizamı belədir. Biz əsla ondan kənara çıxa bilmərik: nə xoşməramlı icadlarla, nə də dünyəvi layihələrlə. Ta bəşərin sonunacan. Və hər bir canlının ixtiyarında bunlar var yalnız: öz əməli və öz ruhu”.

A.Soljenitsın.

***

“...Bəlkə də elə buna görə vaxt-bivaxt yatanda yuxular görürük. O, yuxularımızda bəzən elə xoşbəxtliyə, səadətə qovuşuruq ki, onları oyaq, ayıq vaxtlarımızda ağlımıza gətirməkdən belə qorxar, cürət etməzdik.” Bir vaxt başı bəlalar çəkmiş A.Soljenitsin nə yaxşı ki, ağrı-acı ilə bunları qələmə alıb oxucusuna çatdırıb və tərcüməçi də bunu dilimizə çatdırıb.

Və yaxud “Səs təqlidçisi”. Bir vaxt Henrix Böllün “Təqlidçi” adlı bir hekayəsini dilimizə çevirib “Qobustan” dərgisində çap etdirmişdim. Birinci şəxsin dilindən nəql edilən hekayənin qəhrəmanı gülüş yamsılayan, gülüş təqlidçisidir. Və hekayənin sonunda az qala onun fəryadı: “Bütün gülüşləri yamsılaya bilirəm. Fəqət öz gülüşüm isə yoxdur.” “Səs təqlidçisi”nin eləcə fəryadı oxucunu təsirləndirir.

***

Qələm adamı üçün özlüyündə öz orijinal əsərini yazmağa guya nə var? Qəlbindən, beynindən keçənləri sözə çevirib kağıza köçürürsən, sanki dağa-daşa düşmürsən. Mətnə çevirdiyin o sözlərin bədii cəhətdən güclü və ya sönük olması bir ayrı məsələ. Birbaşa yaza yaza nə sinonim axtarırsan, nə omonim. Heç ideomatik, freozoloji ifadələrin yerli-yerində olması yadına düşmür. Necədeyərlər birnəfəsə, qələm də əlində...

Tərcümədə isə iş tamam başqadır. Gərək zərgər dəqiqliyi ilə sözü axtarıb tapıb yerinə qoyasan.

... Bir vaxtlar M.Bulqakovun, M. Zoşşenkonun bir neçə qısa hekayəsini, B.Şukşinin, M.Dumbadzenin hekayələrini, Norveç yazıçısı Karri Erbinin “Sınaq müddəti” povestini dilimizə çevirərkən tərcümənin necə ağır, məşəqqətli iş olduğunun fərqinə varmışdım. Necə deyərlər, iynə ilə gör qazmaq...

İdeomatik ifadələr, koloritli atalar sözlərimiz, zərb-məsəllər, yarandığı gündən bəri indiyəcən köhnəlməyən ifadələr...

Mətnləri maraqla mütaliə edən oxucu tərcüməçinin  peşəkarlığı sayəsində həm də öz doğma  ana dilinin zənginliyinin, dadının-duzunun həzzini alır, şahidi olur. Elə buna görə də Seyfəddin Hüseynliyə bir əlavə “sağ ol” düşür.

Əcnəbi yazıçını öz ana dilimizdə danışdırmaqtərcüməçidən istedad, hünər, cəsarət tələb edir, bir də ədəbiyyat qarşısında,məsuliyyətli, şərəfli bir borcu yerinə yetirməkdə peşəkarlıq, ustalıq...

Tərcüməçi, ədəbiyyatşünas, tənqidçi deyiləm. Ancaq peşəkar bir oxucu kimi isə deyə bilərəm ki, dostumuz Seyfəddin Hüseynli bununöhdəsindən layiqi ilə gələ bilib.

***      ***     ***

Ömrünün neçə ilini həbs düşərgələrindəki soyuq divarlar arasında keçirmiş dissident yazıçı Aleksey Varlamovun yaradıcılığı haqqında tam təəssürat yaradan hekayəsini nümunə kimi seçib dilimizə çevirməyi də tərcüməçinin ədəbi meyarlara diqqətinin nümunəsidir. “Şanxay” adlı bu hekayə yazıçının nəql etdiyi bir əhvalat yox, duyğusal oxucu üçün kövrələ-kövrələ oxuduğu bir elegiyadır.

***

V.Krupinin “Televiziya tamaşaçısı” essesini oxuyub qurtarandan sonra ağıla gələn bu olur ki, sanki rus yazıçısı bizim telekanalların gün ərzində tamaşaçılara  təqdim etdikləri saysız-hesabsız, boz, lağlağı verlişlərinə baxandan sonra  bunları qələmə alıb.

“Tərcümə təcrübələri” kitabında diqqəti cəlb edən, təqdirə layiq bir cəhət də dilimizə çevrilən mətnlərdə bir növ oxucuya çatdırılan “ədəbi dərs”lərdir və bu dərslərdən istər özünü artıq ustad hesab edən qələm əhli, istərsə də,necə deyərlər oturuşmuş,özlərini artıq sənətkar bilənlər də xeyli faydalana bilərlər.

Xüsusən , “esse” və “söhbətlər” bölümündə toplanan mətnləri diqqətlə oxusalar, gərəkli-dəyərli fikirləri əxz etsələr çox faydalanarlar:

* ”Xalqın zəkası şair dühasından üstündür”- Kit Gestorton.

                                    ***

*”Elə yazılar var ki, həm təhkiyənin cilovunu əldə möhkəm saxlamağı, həm də ali düşüncələri, ciddi eksistensial problematikanı epizodik əks etdirməyi bacarırlar.”

                                    ***

Remzo Oliva,  “İnternet və çağdaş İtalyan ədəbiyyatı”.

                                     ***

  • “Bədiiləşmə prosesi yaddaşın müəllifə verdiyi materialın sözlə qurulan gerçək dünyaya, yəni romana çevrilməsidir”.
  • Ümumiyyətlə, yaradıcılığın yalnız nadir yazıçılara gətirdiyi şöhrətin gözqamaşdırıcı parıltısı ilə, maddi təminatla əsl ədəbiyyatı qarışdırmaq olmaz. Bunlar fərqli şeylərdir.”
  • “İstedadın insanın genlərindən süzülüb gələn, taleyin bəxş etdiyi anlayış olmasına inanmasam da, əminəm ki, intizam və inadkarlıq bəzən daha çox formalaşdırmağa qadirdir.”
  • “Yazıçılıq, sözün  köməyi ilə yeni dünyalar yaratmaq yalnız tək-tək adama nəsib olur.”
  • “Bədii uydurma- arxasında böyük həqiqət gizlənən yalandır.”
  • “Ədəbiyyat- vaxt keçirmək vasitəsi, idman və ya rahatlıq gətirən əyləncəli oyun deyil.”
  • “Yazıçılıq isə uzun illər müntəzəm və gərgin əmək tələb edir.”

M.V. Lyosa. “Soliter haqqında pritça”

                                    ***

  • “Puşkinin nəsrini oxuyan ölkədə biz nəsə yazaqmı? Yazdıqlarım oxucunun gözlərini mənim sətrlərimdən iyrəndirəcəksə, qoy nəzərləri Puşkinə yönəlsin”

V.Krupin. “Mən yox idim”

***

“Kitablar indi- ülgüclər, şpristlər, ya başqa nələrsə kimi- birdəfəlikdir elə bil: “işini gör, tulla”.  Ədəbiyyat yüngül istehlak malına, əlüstü hazırlanıb yeyilən qida məhsuluna, daha dəqiqi, yarımfabrikat, “fast-food” kimi şeyə çevrilib. Çoxmu bədbinəm? Məncə yox...”

(Renzo Olina, “İnternet və çağdaş italyan ədəbiyyatı”)

***

Yaddaşa əbədi həkk olunası, yaddaşlarında əbədi saxlamaq əziyyətinə qatlanmayanlar isə heç olmasa kitabdakı bu tərcümə mətnlərini cib dəftərçələrinə köçürüb hərdən bir vərəqləyə-vərəqləyə oxuyub yada salsınlar:

 “Lindon Consonun siyasət haqqında söylədiyini cürət edib, mən də humanizm haqqında deyirəm. O, demişdi: “Siyasət çətin iş deyil: eləcə burnunu küləyin istiqamətinə tut və dəfn mərasimlərinə get!”

 “Elə bilirdim ki, tərkisilah olunmasaq- hərçənd, bizim üçün ən vacibi məhz budur- doğrudan da bir-birinin ardınca hər yeri partladıb dağıdacağıq”.

         (Kurt Vannequt, “Böyük partlayışdan necə yayınaq...”)

         ***

“Bütün yaxşı adamlar digər xalqları sevirlər, bir çox naqis adam isə öz xalqına dönük çıxır”

         (Gilbert Kit Gesterton, “Fransız və ingilis”.)

         ***

“Yalnız kilsəyə getdiyinə görə xeyirxah olan və yalnız oraya getmədiyi üçün qəddarlaşan bircə nəfərə də rast gəlməmişəm”

         (Artur Konan Doyl, “Din yeni vəhy işığında”.)

         ***

“Qocalıq heç də Tanrı cəzası deyil, o özü də bir nemətdir və xoş olan cilvələri var.

... Ağlı başında qocalmaq aşağıya deyil, yuxarıya aparan bir yoldur. Aclıq içində, soyuqda keçən qocalıq nəsib etmə bircə, İlahi!”

         (Aleksandr Soljenitsın, “Qocalmaq”.)

***

Kitabda diqqət cəlb edən bir də dilimizə çevrilən mətnlərdə dünya ədəbiyyatına yaxından bələd olan tərcüməçinin aktual seçim səriştəsi, istedadıdır.

Bəlkə də dilimizə tərcümə edilən o mətnləri müəlliflər 50 il, bəlkə də bir əsr bundan qabaq qələmə alıblar. Ancaq o mətnlər indi də məhzbu günümüzlə necə də səsləşirlər! Yəqin ki, Seyfəddin Hüseynli də vaxt sərf edib həmin müəlliflərin neçə-neçə əsərini oxuya-oxuyaməhz onları ana dilimizdə oxucularımıza çatdırmağı gərək bilib, məqbul hesab edib. Tərcümə edilən esselərdə bu xüsusən diqqətə layiqdir.(A.Soljenıtsin)

Məsələn, Renzo Olivanın(İtaliya) “İnternet və çağdaş İtaliya ədəbiyyatı” essesindəki dəyərli fikirlər: “Dükanlara girən kitablardan son dərəcə az qismi resenziyalara, deməli, həm də rəflərdə önə çıxarılmaq şərəfinə layiq görülür”.

***

Sovetlər dönəmində istedadlı cavan şairin və yaxud nasirin o zamanlar fəaliyyət göstərən “Gənclik”, “Yazıçı”  nəşriyyatları tərəfindən qəbul edilən əlyazmaları “Gənc müəllifin ilk kitabı” seriyası ilə çapı ildən ilə tematik plana salınıb axır ki, işıq üzü görəndə şairin, yazıçının cavanlıq yaşı ötürdü.

Bu gün isə nəşriyyatlarımızın sayını bilmirik.

Əlyazma qovluğunu təqdim et, çap xərclərini ödə və nə qədər qalın həcmli olursa-olsun bir-iki aya hazır kitabını götür! Qoy rəflərdə qalsın!

Əlbəttə, oxucular belə dəyərli və maraqlı kitabın növbəti cildlərini intizarla gözləyirlər.  Yəqin ki, o da onları çox intizarda saxlamaz. Bu yolda Seyfəddin Hüseynliyə uğurlar!

                                                 ***

“Ruhu, zehni əsla köhnəlməyən köhnə kişiyə- istəkli yazıçımız Aydın Tağıyevə dost salamım və gözəl istəklərimlə..” “Tərcümə təcrübələri” kitabını müəllif belə bir avtoqrafla mənə yollayıb. Sağ  olsun!

Görəsən, kitabdan aldığım bu ilk təəssüratlarımla qələmə aldıqlarımla onun “köhnəlməyən” qənaətini doğrulda bildimmi?...