MİLLİ MÜDAFİƏ UNİVERSİTETİ: MÜASİR YANAŞMA, YENİ ÇAĞIRIŞLAR

YAZARLAR 20:11 / 21.04.2025 Baxış sayı: 913

   Müasir dünya təhsil və elm sahəsində qabaqcıl texnologiyaların istifadəsi, yeni tədris metodlarının tətbiqi və innovativ tədqiqat işləri baxımından sürətlə inkişaf edir. Bu gün elm və təhsil istiqamətində əlçatanlığın təmin olunması, şəffaflıq və yeni təhsil çağırışlarına uyğun şəkildə məqsəd və vəzifələri yerinə yetirmək çox önəmlidir.

     Bu önəmin, zərurətin fonunda Milli Müdafiə Universiteti hərbi təhsilin əlçatanlığını, şəffaflığını, məqsəd və vəzifələrini yüksək peşəkarlıqla həyata keçirməkdədir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi hərbi təhsil almaqda maraqlıdır. Vətən müharibəsindən sonra Azərbaycan hərb elmi və təhsili üçün yeni üfüqlər görünməyə başladı.  

      Milli Müdafiə Universiteti Ali Baş Komandan İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanına əsasən, qabaqcıl xarici orduların təcrübəsinə əsaslanaraq yaradılmışdır. Milli Müdafiə Universiteti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə müxtəlif səviyyələrdə kadr hazırlığını təmin edən xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

      Universitet ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, tam orta, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsini, eləcə də hərbi sahədə fundamental və tətbiqi tədqiqatların aparılmasını təmin edir.

     Milli Müdafiə Universitetinin elmi potensialı yüksəkdir. Əsas məqsədi Silahlı Qüvvələr üçün mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanması, dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi, eləcə də hərb elmləri sahəsində elmi tədqiqatların və əlavə təhsil proqramlarının təşkili olan universitet özündə bütöv Azərbaycanın yenilməz ruhunu, qalib simasını və şanlı tarixini cəmləşdirir.

     Bu yenilməzliyin, qalibiyyətin və şanlı tarixin memarı olan Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan əsgərinin və zabitinin daha peşəkar, savadlı, dünyagörüşlü və müasir təhsil imkanlarına malik kadrlar kimi yetişməsinin əhəmiyyətini məhz Milli Müdafiə Universitetinin yaradılması fonunda bir daha göstərmiş oldu.

    Yazının əvvəlində qeyd etdiyim kimi  Azərbaycan gəncliyi hərbi təhsil almağa maraqlıdır. Bu maraq həm də hərbi xidmətə göstərilən diqqət və qayğının sayəsində günü-gündən artmaqdadır. Bəli, bu gün Milli Müdafiə Universiteti Azərbaycan gəncliyinə parlaq gələcəyin ilk addımlarını, yüksək intellektin başlanğıc nöqtələrini və peşəkar kadr kimi xüsusi keyfiyyətlərə sahib olmağın yollarını aşılayır. Bu yolda əzmlə, inamla və böyük zəhmətlə çalışan universitet əməkdaşları üzərlərinə düşən məsuliyyəti dərk edir, bütün bilik və bacarıqlarını ortaya qoymuş olur.

      Əlbəttə, qalib xalqın, qalib ordunun yüksək təhsilə malik, müasir elmi biliklərə yiyələnmiş hərbi kadrları olmalıdır. Bu işdə Milli Müdafiə Universitetinin gördüyü işlər danılmazdır. Yeni yaradılsa da, istər ölkədaxili, istərsə də xarici əlaqələrin qurulması, qəbul prosesində şəffaflığın təmin olunması, istedadlı kadrların yetişdirilməsi üçün əlverişli şəraitə malik olması, yüksək hazırlıqlı əməkdaşların peşəkar fəaliyyəti ilə universitet ictimaiyyət tərəfindən müsbət rəylər alır.

    Bu müsbət rəylərin mənbəyi məhz görülən işə verilən qiymətdir. Əldə olunan nəticələr yeni perspektivlərdən xəbər verir. Belə ki, xalqın öz ordusuna olan inamı və rəğbəti bu sahədə təhsil müəssisələrində sağlam mühitin, münbit elmi iqlimin formalaşmasına mühüm təsir göstərir. Dövlət tərəfindən hərbi təhsilə ayrılan diqqət həm də ordunun intellektuallığına göstərilən önəmin bariz nümunəsidir.

    Milli Müdafiə Universiteti tarixi köklərində hərb elminin sirrlərini özündə ehtiva edən, müasir hərbi imkanları təqdim etməyi bacaran, gələcək uğurların carçısı kimi çıxış edən təhsil ocağıdır. Bu ocağın istisinə təkcə əsgər və zabitlər deyil, bütün Azərbaycan xalqı isinir, özünü güvəndə hiss edir.

    Milli Müdafiə Universitetinin rektoru, general-mayor  Gündüz Əbdülovun  yüksək peşəkarlığı, dərin bilik və bacarığı bu gün Azərbaycan hərb elminin gücünə güc qatmaqdadır. Bu gücün, bu peşəkarlığın fonunda Azərbaycan hərb elmi və təhsili müasir dünya hərb elmi, təhsili ilə qarşılıqlı əməkdaşlıq  çərçivəsində tədqiqatlar aparır, yeni hərbi çağırışlara qoşulur. Bu da qarşıya qoyulan məqsəd və vəzifələrə çatmaqda ən böyük amillərdən biri hesab olunur. 

    Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar”.

 

Tural Cəfərli