Meyxoş Abdullah - Ruh adamı...
jpg-1745256056.jpg)
Fəxrəddin Teyyub dostumdur. Özü də səmimi bir dost. Səmimilik, sadəlik bu adamın canında, qanında və ruhundadır. Şeirləri də özünə oxşayır, sadə, başa düşülən və şirin. Onun şeirlərini oxuyanda əlini çiynində hiss edirsən. Adama elə gəlir ki, o, əlini sənin çiyninə qoyub sənə qulaq asır.
Onda danışmaq və dinləmək mədəniyyəti çox böyükdür. Hər onunla danışanda özünə qarşı bir mərhəmlik, bir doğmalıq hiss edirsən.
Fəxrəddin Teyyub özünü gözə soxan, haydan-küydən uzaq olan bir şairdir. Onun öz məkanı, sığındığı hücrəsi və şeir dünyası vardır. O, Allahını və özünü tanıyan bəndədir.
Mənim öz yolum var, demə, sür ordan,
Tanrıya yaxınam, gəlir nur ordan.
Hələ deməyiblər mənə, “dur” ordan,
Əzəldən yerimi bilən şairəm.
O dərd çəkən adamdır. Hər şeyin dərdini çəkir; - saralan otun da, ağacdan qopan saralmış yarpağın da, qışda dən tapmayan quşların da, quruyan göllərin, dənizlərin də və sonda bir-birinə qənim kəsilən insanların da... Hər şeyin dərdini çəkən, qeydinə qalan məsum bir insandır Fəxrəddin Teyyub.
“Bu ağac” şeirində yazır:
Bu ağacın dərdi məni öldürər,
Solan yarpaq, sarı yara qolunda.
Ölsəm mənə bu dünyanı güldürər,
Adam ölməz, axı, ağac yolunda.
“Beş manat” şeirində, şair pul itirən adamın halına acıyır və:
- Bir anlıq bu dünya dar gəldi mənə,
“Kimsə ac qoyacaq balalarını”- deyərək beş manat pul itirən kimsənin halına sızlayır.
Mən həmişə demişəm şairlər, yazıçılar dünyanın dərd çəkənləridirlər. Onların iç dünyaları çox ağrılı olur. Baş verən bütün hadislərdə özlərini qismən də olsa günahkar bilirlər. Və bəzən də mənə elə gəlir ki, şairlər Allahın yerdəki şahidləridirlər, hər şeyə şahidlik edirlər. Buna görə də, bəzən hamıdan çox əzab çəkirlər.
Dostu, yadı qaralama, amandı,
Tama dəymə, paralama, amandı.
Ürəkləri yaralama, amandı,
Söz deyəndə yerində de, gül balam.
Fəxrəddin Teyyubun özü və yaradıcılığı haqqında çox yazmaq olar. Bir dost olaraq, onun yaradıcılığının görünən hissəsinə nəzər salmağa çalışdım. Elə bilirəm ki, Aysberqin görünməyən tərəfi daha böyük olur. Qismət olar, onun yaradıcılığının görünməyən qatlarına da, ədəbiyyat biliciləri, ədəbi tənqidlə məşğul olan dostlarımız nəzər salaıb araşdırarlar.
Əziz, şair dostum Fəxrəddin Teyyuba daima belə qalmağı və saf ürəklə yazıb, yaratmağı arzulayıram.