Qapı - Vahid Aslan
Hər gün babam gedən yollara baxır,
Həsrəti gözündə dağdağan qapı.
Cadar-cadar olan boyat sinəsi,
Bir paslı qıfılla dağlanan qapı.
Hərdən külək döyür, hərdən gün döyür...
Ömrü gödəldikcə dərdi böyüyür.
Qədəri qınayır, bəxtini söyür,
Yetim uşaq kimi ağlağan qapı.
Kimsəsiz qalandan evi yıxıldı.
Doğmalar başından uçdu, dağıldı.
Yaşanan ömürdü, qəmli nağıldı,
Kitabı biryolluq bağlanan qapı.