Ələddin Əzimli - ALDANIŞ
Nə vaxtsa
biz olmasaq da,
yenə,
dönə-dönə
yağış da yağacaq,
gün də çıxacaq.
Lakin
adamların çoxu
bunlardan heç vaxt
xəbər tutmayacaq.
Hələ,
bizdən küsüb, inciyib
harasa uzaqlara
gedənləri demirəm.
Əllərdəcə soluxan
çiçəkləri demirəm.
Artıq itib
geri dönən yolumuz,
Yəqin çoxdan
sönüb ocaqlarımız.
Bir də axı,
qayıtmağın nə mənası?!
Bu dünyanın
çox gec bildik,
demə varmış
aldadıcı qaraltısı.