Adilə Nəzər -Bayatılar
***
Qardaşım, arxa dağım,
Bülbüllü, barlı bağım.
Heç demirəm təkəm mən,
Sən varsan, var sol-sağım.
***
Gül açılar, yaz gələr,
Könlümə avaz gələr.
Qardaşı olan kəsin
Dərd-qəmi də az gələr.
***
Söykəndim dağına mən,
Baxdım sol-sağına mən.
Qardaş, adın gələndə
Qaçaram yaxına mən.
***
Dağların qarı mənəm,
Budağın barı mənəm.
Qardaş, yarın ağrısa,
Ağrıyan yarı mənəm.
***
Rəbbim versin şəfanı,
Çəkmə kədər, cəfanı.
Görüm yenə üzündə
O əvvəlki səfanı.
***
Yolu gözlər gözlərim,
Şirin dadmır sözlərim.
Qardaş, sən sağalsaydın,
Gülərdi yaş gözlərim.
***
Dualarım sənədir,
Ümidim Rəbbimədir.
Qardaş, bir ağrın olsa,
Yüz ağrı sinəmədir.
22.07.2026