Kəmaləddin Qədim - ADAMLARDAN YIXILIR  BU ŞƏHƏRDƏ AĞACLAR…

Ədəbiyyat 09:11 / 12.11.2026 Baxış sayı: 599

 

Adamından daha çox

sevdim torpağı, daşı.

Mənim ağac bacım var,

mənim ağac qardaşım…

Kökü necə işləyib,

mənimtək torpağa, bax…

Yamyaşıl budağı gör,

ya, solan yarpağa bax…

Şivləri də uçmağa

qanadlarımdı mənim.

Asılıb yelləndiyim

ağac darımdı mənim…

Bu barlı, bəhərlisi,

meyvəsinə bax üstdə…

Bax, bu da mənə çəkib,

ölübdü ayaq üstdə…

Lap elə mənim kimi

düşür dərdə ağaclar.

Adamlardan yıxılır

bu şəhərdə ağaclar…