İSMAYIL MƏRCANLI İMANZADƏ: -  GƏLİRƏM

Ədəbiyyat 19:05 / 08.01.2025 Baxış sayı: 534

 

Son günlər sosial şəbəkələrdə şəhidlərimizin qanı bahasına və qazilərimizin hünəri sayəsində düşmən tapdağından azad edilən ulu yurd yelərimizə qayıtmaq istəməyənləri qınayan yazıların sayı anban artmaqdadır. Bəzilərini bilmirəm, Allahın izniylə şəxsən mən özüm iyirmi səkkiz ilə yaxın həsrətini çəkdiyim Cəbrayıla qayıdanların ilk sıralarına qoşulacağam. İnşallah hamınız o əziz günün şahidi olacaqsınız...

 

Halallıq ver gedim, Kürüm,

Gözləyir Qurbanim, Pərim.

Xudafərin üzlü Dirim –

Araz ünvanlım, gəlirəm.

 

Ulu Tanrım verdi aman,

Xar oldu savaşda “yaman”.

Haqq evim Hacı Qaraman –

Səbri gümanlım, gəlirəm.

 

Cəbrayılım - ata elim,

Açıq alnım, “uzun” dilim.

Sona çatıb ta nisgilim –

Şərəflim-şanlım, gəlirəm.

 

Teyim, Qalam, Ziyaratım,

Şanım-şöhrətim, urvatım.

Büllur Kəhriz toy-büsatım –

Sazlım-kamanlım, gəlirəm.

 

Yovşan ətirli Gəyənim,

Ərəni-mərdi öyənim.

Geriyə qayıt deyənim –

Düşmənlə qanlım, gəlirəm.

 

Tumasatam, Ağoğlanım,

Ta sızlamaz bir də canım.

Gordubabam, adım-sanım –

Yazı dumanlım, gəlirəm.

 

Əsiri olmadım yadın,,

Damağımda qalıb dadın.

Dilimdən düşməyib adın –

Böyük Mərcanlım, gəlirəm.

08.01.2021