Balayar Sadiq : - QOCA ŞAİRƏ MƏKTUB

Ədəbiyyat 19:50 / 08.01.2025 Baxış sayı: 595

 

 

Səsindən bir ev tik,

çıx damına.

Gör mələklər

hansı dildə qələm çalır,

ey qələmi qırılmış...

Daha şairləri

dar ağacından deyil,

kabinetden asırlar,

say,

necə şeir qoyulub kətil kimi

asılacağın günün

ayağı altına...

kabinetdə şeir nə gəzir, zalım,

bir saxta təbəssüm bəsdir,

bir misranın qanını tökməyə...

Ayağın altına yaxşı bax,

Adəmin hönkürtüləri

əzilər birdən.

Həvvanın

qulağının dibində uçan

kəpənək deyil - misradı...

Bunu hardan biləsən,

qoca şair...

heç cavan olmadın ki,

hələ də

arzularin yıxılan yerdəsən...

Burnunda fəxri adın qoxusu,

canında ölüm qorxusu...

Ta nə deyim?

Səni Əzrail qorusun.