Əşrəf Veysəlli - Gecələr

Ədəbiyyat 15:47 / 13.02.2026 Baxış sayı: 476

GECƏLƏR

Ömrümün gülşəninə neylədisə yar

elədi.,

Eşqimə nur çiləyən günlərimi tar elədi.

Yarımın hicri məni dostuma əğyar elədi.

Gözlərim yatmamağa eylədi vərdiş gecələr,

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

Hicrini dərd eləməkdən ürəyim xəstə düşər,

Yarımın zülmü yenə cövr ilə üst- üstə düşər.

Könlümün yaddaşına bir yaralı bəstə düşər.

Durub məcnunsayağı eylərəm gərdiş gecələr,

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

 

Qərarım yoxdu daha, tutmusan hər yerdə qərar,

Məni söz dərgahına hər gecə vəslin aparar.

Bəsdir,- bunca dözərək hicrinə tablaşdım, a yar,

Ayrılıq taleyimi eylədi təftiş gecələr.

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

Parçalanmış ürəyin sənsiz ötən bir dəmi yox,

Könlümün nəğməsinin zili yoxdur, bəmi yox.

Xəlqə həmdəm olanın indi daha həmdəmi yox.

Yan, ey tənha ürəyim, qovrularaq biş gecələr,

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

2001- ci il.