Ədalət Salman - QAR YAĞIR

Ədəbiyyat 15:00 / 13.02.2026 Baxış sayı: 382

 

Açır qırpa-qırpa gözünü səhər,

Kim bilir, qəlbindən nələr keçəcək.

Gəlin duvağına bürünüb şəhər,

Elə bil harasa gəlin köçəcək.

 

Sevinc rəngindədi donu yerin də,

Sən demə, təbiət qışda kövrəlir.

Qar yağır, yüz yaşlı nənələrin də

Qar topu oynamaq həvəsi gəlir.

 

Uşaq sevincləri sığmır dünyaya,

Qarlı qış gözümdə ilk yaza dönür.

Qar yağır, oğlanlar Şaxta babaya,

Qar yağır, qızlar da Qar qıza dönür...