“Düşüncə, şüur bu qədər sağlamdırsa, dərindirsə, itidirsə, niyə də Anar olmasın?” – Ramiz Rövşən

MÜSAHİBƏ 06:20 / 21.11.2022 Baxış sayı: 491

Sən də daşlamağa özgəsini tap,

Məni ömür boyu daşlayan adam,

Gilası mürəbbə, quzunu kabab

Şairi heykəltək xoşlayan adam.

 

Görəsən, bu şeirdəki adamların neçəsi düşdü onun payına? Amma bu xalq ona öz sevgisini göstərmək üçün şairin heykəl olmağını gözləmədi. Onu duyanlar şeir eşqinin barını şairə hələ sağlığında ərmağan etdilər. Nə qədər insana qismət olur ki, bu xoşbəxtlik?

Akademik Milli Dram Teatrının dəhlizindəyəm. "Medeya" tamaşasından çıxan insanları seyr edirəm. Daha doğrusu, Xalq şairi Ramiz Rövşəni və onunla şəkil çəkdirmək üçün növbə gözləyən adamları. Seyr edərkən beynimdə hey bu şeir və fikirlər dolanır. Nəhayət, sonuncu şəkil də çəkilir və bizim şairlə söhbətimiz başlayır.

- Yormur sizi bu qədər sevgi?

- Sevgi yormaz. Əslində, şeirlə sən insanlara enerji ötürürsən, əgər o enerji varsa, insanlardan mütləq bunun cavabını alacaqsan, ürəklərdə o işığı yandıracaqsan. Əgər o enerji yoxdusa, cavabı da olmayacaq, elə bil sözünü qaranlıq quyuya deyəcəksən. İstəyirsən, şair ol, müğənni ol, bəstəkar ol - fərqi yoxdu, bu, belə olacaq. Bir də ki, bu sevgi təzə deyil axı. Sadəcə indi internet dövrüdü deyən hər şey üzdədi; sevgi də, qısqanclıq da. Əslində, etiraf eləsə də, eləməsə də, hər bir qələm sahibi o sevginin arzusundadı. Amma çoxuna o sevgi nəsib olmur. Odur ki, bəxtinə o sevgi düşən şairləri çox bağışlamırlar. Hər şeyi bağışlayırlar, amma o sevgini bağışlaya bilmirlər. Bu, həmişə belə olub, bu gün də belədi. Amma söhbət əsl sənətdən gedirsə, hər şey, o cümlədən, zaman da onun qarşısında acizdi. Məsələn, indi baxdığımız tamaşada antik mövzu görün necə müasir səsləndi?!

- Tamaşa demişkən, bəyəndinizmi "Medeya"nı?

- Adam var ki, istedadlıdı, içi doludu, ancaq içindəkiləri ifadə etməyə peşəkarlığı çatmır. Müəllimim Tarkovski ironiya ilə deyirdi ki, bizdə dahi çoxdu, peşəkar isə yoxdu. Bu sözdə çox acı həqiqət var. Fərqi yoxdu, şair, rejissor, aktyor, kim olursansa ol, əgər peşəkar deyilsənsə, özünü necə ifadə edəcəksən? Münəvvər xanım isə bir aktrisa kimi həm istedadlı, həm də peşəkardı. Tamaşa da xoşuma gəldi, təsirli tamaşa idi.

- Qeyd etdiniz ki, əsl sənət qarşısında zaman gücsüzdü. Sizcə, poeziya bu gün aktuallığını əvvəlki kimi qoruyub saxlaya bilirmi?

- Məncə, bu gün o qədər də poeziya zəmanəsi deyil. Adamlar çox maddiləşib, maddi dəyərlər, məişət əbədi olan bir çox mənəvi dəyərləri üstələyib. Amma buna baxmayaraq, bu qədər şeirsevən varsa, ümidsiz olmağa dəyməz. Bir də ki, insan zahirən dəyişib, daxilən dəyişməyib. Bugünkü tamaşa da onu göstərir ki, insan duyğularını, ehtiraslarını ifadə edən heç nə köhnəlmir. Musiqi ilə şeir isə bu siyahıda ən birincilərdəndi.

- Bu yaxınlarda baş tutan Yazıçılar Birliyinin qurultayında sizin Anarla bağlı açıqlamalarınız xeyli müzakirə olundu. Ümumiyyətlə, qurultayla bağlı təəssüratlarınız necədi?

- Bu, növbəti bir Yazıçılar Qurultayı idi.  Mən də orada gözlənilməz heç nə deməmişəm. Soruşublar, demişəm ki, Anar namizədliyini verərsə, mən ona səs verəcəm. Söhbət təkcə Anarla dostluq münasibətimizdən getmir. Mən Anarı çox ciddi Azərbaycan yazıçısı sayıram, həmçinin, onu ədəbiyyatımızda birləşdirici bir fiqur kimi görürəm; təkcə müxtəlif yazıçıları yox, həm də müxtəlif zamanları. İkincisi də, futbol komandasına məşqçi seçmirdik ki. Düşüncə, şüur bu qədər sağlamdısa, dərindisə, itidirsə niyə də Anar olmasın? Ancaq belə çıxdı ki, guya bunu deyəndə, kimlərinsə məndən ürəyi sınıb. Əslində, məndən küsənlər, ürəyi sınanlar qurultaydan əvvəl də vardı. Belələri həmişə olub. Özlərinin dediyinə görə, o ürəyi sınanlar guya bir vaxt məni də, şeirlərimi də çox seviblər. Nə olub, nə dəyişib ki? Həmin şeirlərim də bu gün öz yerindədi, mən də. Əslində, onlar dəyişiblər. Çünki onlar bir vaxt cavan idilər, ümidləri, iddiaları, özlərini reallaşdırmaq həvəsləri güclü idi. O iddiaların çoxu özünü doğrulda bilmədi. Təbii ki, burda müəyyən qədər mühitin də günahı var. Bəzilərinin də istedadı iddialarına uyğun olmayıb. Mənim şeirlərimi bir vaxt sevə-sevə oxuyan və sabaha sevgilə, ümidlə baxan adamlar birdən belə olanda...

- Necə olanda?

- Məsələn, ürəyindən keçənləri reallaşdıra bilməyəndə, özünü təsdiqləməyə gücü çatmayanda, bax onda o adamlar öz sınıqlıqlarının, zədələrinin hirsini həm də məndən çıxırlar. Mən onları başa düşürəm. Görürsünüzmü, sevginin bu tərəfi də var (gülür).

- Son vaxtlar insanlar sevgini də, nifrəti də sosial şəbəkələrdə yazdıqları ilə daha çox göstərir. Sizin internetlə - sosial şəbəkə ilə aranız necədir?

- Sözün düzü, mən orda yazılanlara çox baş qoşan adam deyiləm. Məncə, şair öz həyatını yaşadığı kimi, şeir də öz həyatını yaşamalıdı. Əgər şeir çap olunubsa, o, təkcə sənin deyil, həm də oxucularındı. O ki qaldı sən deyən aqressiyaya, o da internetin yaratdığı imkanlardan gəlir. Çünki insan içindəki narazılığı, hirsi, acığı kimə qarşısa yazdığı bir cümlə ilə çıxarır. Görünür, insanların içində tarazlıq, müvazinət yoxdu. Əvvəllər deyirdim ki, internet yekə çayxanadı. Amma indi çayxanadan da o tərəfə keçib.

Hələ lap cavanlıqda, yetmişinci illərin əvvəlində, o vaxtkı Yazıçılar Qurultayında və Şeir plenumunda üstümə hücum çəkənlərə yazdığım "Şairlər məclisində" adlı bu şeirimi bir misrasına da dəymədən indiki hücumçulara da ünvanlaya bilərəm:

 

Səninkidi bu məclis;

hamı qusunca yeyir.

Daraşıb canına səssiz-səmirsiz,

səni rahat-rahat, asanca yeyir.

 

Hansı sözünəsə dilləri yatmır,

ağız büzürlər.

Hansı sözünəsə dişləri batmır,

səndən küsürlər.

Yenə küsə-küsə yeyirlər səni,

Ağız büzə-büzə yeyirlər səni...

...Səni yeyənlərin bu məclisində

sən özün də öz içini yeyirsən.

Öz qəmini, sevincini,

öz gücünü yeyirsən.

 

Ruhun göyə uça bilmir,

daha göydən düşürsən.

Daha sözün heydən düşür,

özün heydən düşürsən.

 

Darıxma, döz, -

axırına çıxacaqlar bir azdan.

Səni yeyib

üstündən su içəcəklər Arazdan.

Sonra -

ağızlarının qanını yuyacaqlar,

Qəbrin üstə gül qoyub

hamısı bir ağızdan

mahnı oxuyacaqlar;

 

"Əziziyəm, qanlı gül,

Qanlı danış, qanlı gül,

Yeyib bülbül bağrını,

Çıxıb ağzıqanlı gül..."

 

Bülbül bağrın yeyib ağzı qanlı çıxanlar o vaxt da vardı, indi də var, amma onlar hər nədilərsə, gül deyillər.

- Siz yəqin ki, müasir ədəbi prosesləri də izləyirsiniz. Proseslərin içərisində diqqətinizi çəkən hər hansı bir məqam varmı?

- Bu gün Azərbaycan poeziyasında mənə maraqlı görünən, bir çox istedadlı xanım var. Elə mənə çox doğma olan "525-ci qəzet"in köşə yazan xanımları da bir-birindən maraqlıdı: Şahanə Müşfiq, Türkan Turan. "Ədəbiyyat" qəzetində də oxuduqlarım var. Məsələn, Sevinc Elsevər. O, həm şair kimi istedadlıdı, həm də esseləri maraqlıdı. Esmira Məhiqizi da istedadlı şairdi. Məndə onun iki kitabı var, birində heca şeirləridi, o birində sərbəst şeirlər. Hər ikisi maraqlıdı. Sizə deyim ki, indi esseistika janrı özünün yüksəliş dövrünü keçirir. Mən bir vaxtlar bizim gözəl yazıçımız Kamal Abdullanın esselər kitabına ön söz yazmışdım. O, bir ilk idi. Onda heç mənim ağlıma gəlməzdi ki, zamanla bu janr bizdə belə populyarlaşacaq. Esseistika heç də asan janr deyil. Şeirlə nəsrin arasındadı. Esselər var ki, şeir qədər dərin və poetikdi. Bizim gözəl yazıçımız Afaq Məsudun bəzən bir və ya bir neçə cümlədən ibarət olan miniatür esseləri kimi. Elə bu gün ən gözəl esseləri yazanlar da xanımlardı.

 

- Mən də özümə burdan pay götürümmü?

- Əlbəttə, götür, sən də götür (gülümsəyir).

- Tamaşalara tez-tez gəlirsiniz?

- Pandemiyaya qədər tez-tez gəlirdim. İndi də ara-sıra gəlirəm.

- Bəs o tamaşalardan sonra sizdə də pyes yazmaq həvəsi oyanırmı?

- Mən əvvəllər pyes yazmışam. Ancaq Münəvvərin tamaşasını görəndən sonra məndə yenidən pyes yazmaq həvəsi yarandı. O temperamentdə bir əsər yazmaq lazımdır.

- Hansı tarixi şəxsiyyət haqqında pyes yazmağı düşünmüsünüz?

- Haqqında yazmaq istədiyim adamlar çoxdu. Məhəmməd Hadidən çox yazmaq istəyirəm. Mən onu Azərbaycan poeziyasının ən böyük məğlubiyyəti sayıram. Cəhdinin böyüklüyünə görə. Tamam başqa cür Müşfiqdən yazmaq olar. Səməd Vurğunun "Vaqif" pyesini mən avtobioqrafik əsər sayıram. 37-ci ildə elə bir əsərin yazılması möcüzədi. O dövrdə "İlahi insanın halı yamandır, nələr çəkdiyimiz sənə əyandır" sözləri ilə başlayan bir pyes yazmaq... Yaxud Rəsul Rzanın "Rənglər" silsiləsi və ya "Darısqallıq" şeiri. Təsəvvür edin, bunu sovet şairi yazıb. Mən sovet cəmiyyətini başdan-başa pisləməyin tərəfdarı deyiləm, çünki o dövrdə də müsbət şeylər olub. Ancaq o dövrdə insan özünü bir balaca səmimi ifadə edən kimi antisovet çıxırdı.

- Bəs indi özünü səmimi ifadə edəndə nə olmuş olursan?

- Şair. Özü də bir az müxalif ruhlu şair. Bu, bütün zamanlarda, bütün ölkələrdə belə olub, belə də olacaq.525.az