“Bu da bir ömürdü...”dəki ömrün bir anı...

YAZARLAR 14:20 / 08.10.2026 Baxış sayı: 613

 

Bu günlərdə Naxçıvan mətbuatının tanınmış simalarından olan Hüseyn Əsgərovun "Bu da bir ömürdü..." kitabını da oxuyuram. Kitabın 30-31-ci səhifələrində müəllif yazır: "... Amma bürokratiyanın zirehli divarları arzularımı cilik-cilik elədi, maddi ehtiyaclar, hələlik, Fantoması bir kənara qoyub, bərbərdən, suvaqçıdan, suçudan yazıb qonorar almağı tələb edirdi. Müqəddəs qonorar! Onun xətrinə nələr yazmadım?!. Daha çox sadə əmək adamları - pambıqçı, tütünçü, sağıcı, heyvandar, malabaxan, bənna, dülgər, elektrik və digər sənət sahibləri ilə görüşüb, onların həyat və fəaliyyətlərini işıqlandırırdım... Yazılarda maşınımız asfalt yolda şütüməli, taxıl zəmiləri külək əsdikcə dəniz kimi dalğalanmalıydı. Qələmə aldığım qəhrəmanların həyatda ən xoş günləri (həm də ən xoş arzuları - S. B.) oktyabryat nişanı taxdığı, pioner qalstuku asdığı, komsomol bileti aldığı günlər idi. Bu adamlar mütləq (hətta mütləq və mütləq - S. B.) qurultayın (SSRİ zamanıda keçirilən böyük tərkibli iclaslar nəzərdə tutulur. Bu qurultaylarda növbəti beşillik planlar qəbul edilirdi - S. B.) qərarlarından ruhlanmalı, sosializm yarışının önündə getməliydilər (Bəli, yalnız və yalnız öndə, arxada heç kim yox idi - S. B.). Onların xidmət etdiyi (Daha sərt ironiya var burada!) qoyun iki bala verməli, yaxud hər toyuq gündə iki dəfə yumurtlamalıydı. Doğrudur, müsahiblərimiz belə söz(lər!) demirdilər, qələmə alan bu cür qələmə almasaydı, yazı çap olunmaz və gözünü dikdiyin qonorar əldən çıxardı..."

Hörmətli Hüseyn müəllimin bu abzası 71 il yaşanılmış sovet-sosialist quruluşunun eybəcər, rikayak və nadan sifətini ortaya qoyur. Müəllif həmin yaramaz quruluşdan o qədər acıqlıdır ki, hətta: "Onun (qonorarın - S. B.) xətrinə nələr yazmadım?" - deyə özünü günümüzün tənqid hədəfinə çevirməkdən çəkinmir. Hüseyn müəllimin bu cümləsinə görə ona bir vətəndaş kimi dərindən təşəkkür edirəm. Bəli, müəllif bu abzasdakı fikirlərinə görə özünü açıq hədəfə çevirir. Və bundan qətiyyən çəkinmir. Bəs müəllifin belə etməkdə məqsədi nədir!? Müəllifin məqsədi odur ki, günümüz gəncləri, xüsusilə jurnalistləri və jurnalist olacaq gənclər, yuxarıdakı mətndə göstərildiyi kimi, cəmiyyətə heç bir yararı olmayan juralist "fəaliyyətindən" çəkinsinlər. Bax, müəllif bir zamanlar qonorar üçün yazdığı yazıları özü tənqid edir. Və razı olur ki, oxucu da tənqid eləsin, özü də mənim kimi oxucu. Ötürərəmmi?! Hə, qoy Səyyar Hüseyn müəllimi bir zamanlar yazdıqlarına görə tənqid eləsin, hətta onu bəyənməsin, amma Səyyarın özü və onun dərs dediyi (Baxmayaraq ki, heç bir təhsil ocağında dərs demirəm!) tələbələr, yaxud şagirdlər həqiqətlə heç bir əlaqəsi olmayan yazılar yazıb riyakarlığa əl atmasınlar. Jurnalistika zamanın, dövrün, bəzən də tarixin aynası olmalıdır!

Dəyərli Hüseyn müəllim, məhz bu abzasınıza görə Sizə bir daha dərindən təşəkkür edirəm! Belə hesab edirəm ki, sizin bu abzasdakı səmimi cümlələriniz, həqiqəti yazdığınız fikirləriniz gənc nəslə örnək olmalıdır! Çox istərdim ki, xüsusilə Naxçıvanda "Jurnalistika" ixtisasında təhsil alan tələbələrə Sizin bu kitabınız oxutdurulsun. Həm jurnalistikanın sirlərinə sahib olmaq, həm üsluba yiyələnmək, həm də gerçəyi necə demək olur fəlsəfəsi baxımından Sizin "Bu da bir ömürdü..." kitabınız mütaliəyə cəlb edilsin. Hüseyn müəllim, bu anda bir məqam düşdü yadıma: "Oxunması zəruri olan kitablar" haqqında... Zalım oğlunun bu sərəncamını bəyənmişdim.

Hə, Hüseyn müəllim, icazənizlə indi yuxarıda vasitəsiz formada yazdığım abzasınız haqqında tənqidi fikirlərimi yazım.

Deməli, ötən əsrin 70-ci illərində - Sizin də ali təhsil aldığınız illərdə, atamın Bakı şəhərindəki Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda tələbə olduğu vaxtlarda xüsusilə Bakı şəhərində inkişaf rəsmən yerə gedirdi. Metrostansiyalar, parklar açılır, zavodlar fəaliyyətə başlayır, ölkədəki kolxoz və sovxozlar planları artıqlaması ilə doldururdular. Atam yay tətilində kəndə gəlibmiş. Bir gün axşam o zamankı Azərbaycan teıeviziyasının "Günün ekranı" və Moskvanın "Vremya" proqramlarında ölkədə, eləcə də cəmi SSRİ-də gedən inkişafdan bəhs edən xəbərlər efirə verilir. Atam da, babam da həmin xəbərlərə qulaq asırmışlar. Xəbərlər bitəndən sonra rəhmətlik babam acıqla belə deyib: "Hamısı yalandır. Bu yalan bu höküməti yıxacaq!"

Hüseyn müəllim, mənim savadsız, təhsilsiz babam hələ 70-ci illərdə - sovetin "xodgedən vaxtlarında", Sizin də qoyuna iki bala doğdurduğunuz, toyuğu gündə iki dəfə yumurtalatdığınız vaxtlarda sovet-sosialist quruluşunun, necə deyərlər, kəbinini kəsmişdi: "bala, yalan bu höküməti yıxacaq!"

Zaman gəldi, 2001-ci il oldu. Müstəqilliyimizin 10-cu ildönümünü qeyd etməyə hazırlaşdığımız vədədə bizə dərs deyən bir akademik auditoriyada belə dedi: "Mən hələ də inana bilmirəm ki, sovet hökuməti dağılıb" . O zaman həmin akademikə demişdim ki, filankəs müəllim, müstəqilliyinin onuncu ilini yaşadığımız Azərbaycanda siz sovetin dağılmağına inana bilmirsiniz, amma mənim təhsili olmayan babam sizin də tələbə olduğunuz vaxtda yıxılmağına inana bimədiyiniz "quruluşun" "kəbinini kəsmişdi" ki, yalan bu höküməti yıxacaq: "Nə vaxta qədər komkoru (kombikorm – hazır heyvan yemi – S. B.) satıb ətə, südə vermək olar?!"

Hüseyn müəllimlə bağlı bir xatirəni danışım. 2015-ci ilin aprel ayında – “Şərq qapısı” qəzeti redaksiyasında baş redaktor müavini vəzifəsində çalışığım zamanda bir kitab təqdimatında iştirak edirdim. Hörmətli Hüseyn müəllim də həmin təqdimat mərasimində iştirak edirdi. Mərasim başlamazdan əvvəl Hüseyn müəllimlə görüşdük, istiqanlılıqla kef-əhval elədi mənimlə. Birdən rəflərin birində “Doxsan üçüncü il” yazılmış bir kitaba gözüm sataşdı. Kitabı əlimə alıb annotasiyasını oxudum. Bu məqamda Hüseyn müəllim: “Çox maraqlı və dəyərli əsərdir, oxumağa dəyər”, – deyə mənə tövsiyə elədi. Mən də fürsətdən istifadə edib: “Lap yaxşı, bu kitabı mənə hədiyyə etsəniz, mütləq oxuyaram”, – deyə gülümsünərək Hüseyn müəllimin üzünə baxdım.

Hüseyn müəllim: “Məmnuniyyətlə”, – deyib, satıcıdan kitabın qiymətini soruşdu. Dərhal da kitabın pulunu ödəyib səmimiyyətlə mənə: “Kitab oldu sənin!” – dedi.

Nə gözəl! Hüseyn Əsgərov mənə bir anda kitab hədiyyə elədi. Çox sevinmişdim! Həm də ibrət almışdım: deməli, insanları oxumağa, mütaliəyə həvəsləndirmək, təşviq etmək üsullarından biri də budur. Romanı oxudum. Hətta əsərdəki bəzi əhvalatları yaddaşıma köçürmək üçün bəzi səhifələrini bir neçə dəfə oxuduğum.

Təqdimat mərasimindən sonra təəssüfləndim ki, kaş kitabda Hüseyn müəllimin kitabın mənə hədiyyə edildiyini bildirən öz dəsti-xətti ilə imzası olardı... Və kitabın ilk səhifəsinə bunları yazdım: “Dəyərli ziyalı Hüseyn müəllimdən yerindəcə edilmiş dəyərli hədiyyə. Naxçıvan, aprel 2015”.  

Hüseyn müəllimin oğlu Elxan əfəndi ilə birlikdə universitetə hazırlaşırdıq. Elxan çox qabiliyyətli və olduqca çevik oğlan idi. İstər savadda, istərsə də fiziki gücdə hər adam onunla bacara bilməzdi. Amma bu xüsusiyyətinə görə qətiyyən lovğalığı yox idi. Səmimi, gülərüz, ədəbli gənc idi. Nə zaman görərdin, üzü gülürdü Elxanın. Bir dəfə futbol oyununda kənardan üstümə necə şığıdısa, yıxılıb ayağımı əzə biləcəyim qəzadan qurtardı məni. Sonra hamımız gördük ki, əgər mən yıxılıb yerdəki daşa dəysəydim... Allah səndən razı olsun, əziz ruhu şad olsun, Elxan əfəndi!    

Hüseyn Əsgərovun “Bu da bir ömürdü” kitabından öyrəndim ki, Hüseyn müəllimin ötən il 70 yaşı tamam olubmuş. Bu da mənim ayıbım olsun ki, Sizi yubileyiniz münasibətilə gec təbrik edirəm! Hörmətli Hüseyn müəllim, fürsətdən istifadə edib bu yazımda Sizi yubileyiniz münasibətilə səmimiyyətlə təbrik edir, Sizə, ən az, daha bir 7 onillik sağlıq diləyirəm! Çox istəyirəm ki, Siz ali təhsil ocağında həm dərs deyəsiniz, həm də dərs verəsiniz! Allaha əmanət olun!

Hüseyn müəllim, yazımdakı tənqidi fikirlərimdə qüsurum oldusa, səmimiyyətinizə sığınıram..!

 

Səyyar BAYAT (MƏMMƏDOV)

C. Naxçıvanski Muzeyinin baş elmi işçisi