Saqif Qaratorpaq - Əsən külək də susdu

Ədəbiyyat 12:00 / 23.03.2026 Baxış sayı: 273

 

Əsən külək də susdu,

Narın-narın yağır qar.

Nə halını soruşan,

Nə qapını döyən var...

 

Dizini qucaqlayıb

Oturmusan evdə tək.

Bir sevgiyə təşnədi

Heyf,indi hər ürək.

 

Pəncərədi,bir də sən...

Xəyalların uzaqda.

Bir sərçə cikkildəyib

Yellənir yaş budaqda.

Neyləsən də azalmır

Qəlbinin sızıltısı.

Əzabına dəm tutur

Çaydanın dızıltısı.

Dünəndən yorğun düşüb

Fikrinin ağ qanadı.

Axşamdan pıçıldayır

Dodaqların bir adı...

Asta-asta yağır qar,

Hayana baxsan ağdı.

Səni yuxu aparır,

Xatirələr oyaqdı...