Ayaz Arabaçı : - Xanım əfəndi...

Ədəbiyyat 20:27 / 27.03.2024 Baxış sayı: 884

 

Elə gözəl hakim olmaq vaxtıdır,

Könlümdəki taxta, xanım əfəndi.

Ürəyinə hökm edəcək gücüm yox,

Nə deyirəm, bax da, xanım əfəndi.

 

Bu sevdanın əsas dili yoxcadı,

Yaraları zəhərlənmiş oxcadı.

Taleyimiz ağzı bağlı boxcadı,

Nə çıxacaq baxta, xanım əfəndi.? .

 

Sənə görə başqa plan cızmadım,

Bir yaradan o birinə sızmadım,

Mən heç zaman indikitək qızmadım,

Ömrə-günə, baxta, xanım əfəndi..

 

Çətin yoldu, ağır yükdü döz, belə,

Qoyan çoxdu arxamızca göz, belə..

Aramızda bircə dənə söz belə,

Qoy olmasın saxta, xanım əfəndi..

 

Cilvələndin bir nağıldan pəritək,

Qəfil çıxdın ömrə əcəl təritək,

Bahar gəlib, gedək səni əridək,

Nə deyirsən, şaxtaxanım əfəndi.?