Ayaz Arabaçı : - Qorxulu yuxulardan...

Qorxulu yuxulardan
Dodağım uçuqlanar,
Əllərin qəhvərəngi ovcumda muncuqlanar,
Ömrüm hansı baharda səndə tumurcuqlanar,
De mən də o baharda könlümə əkim səni.
Hər cür haqqa sahibsən,
O dediyim gücü ver,
Sözlərinin içindən seçib ən ülgücü ver,
Hansı dildə anlaşaq, mənə bir ipucu ver,
Sonuncu nəfəs kimi içimə çəkim səni.
Yıxılaram-duraram,
Can ki, var sələmədi,
Deməsəm də bilirsən, əsas məsələ nədi,
Ürəkağrısı boyda çəkdim bəs eləmədi,
Nə boydadı niyyətin, nə boyda çəkim səni.
Sonda səni sarsıdar,
Etiqadlara baxma,
Sən qapalı çiçəksən,dönüb yadlara baxma,
Tərcümeyi-haldı də, başqa adlara baxma,
O qədərlər içində bilmişəm təkim, səni..
Yelqanadlı atların,
Bilməm hansına min, gəl...
Bəlkə bu son ümiddi, bu son şansına min, gəl,
Bitmək üzrədi ömrüm, ambulansına min, gəl,
İki kəlmə sözüm var, gəl görüm, həkim, səni..