Ay Bəniz Əliyar - mən bu şəhərdə quşların dən yeri,
mən bu şəhərdə quşların dən yeri,
payızın məlhəm yeriyəm.
sən bu şəhərdə bir yabançı bulud,
bir əski qərib məzarısan.
ağrılardan keçib gəlirik min ildir.
ikimizin də
yeganə sığınacağıdır bu şəhər.
nənələr süpürür
payız mövsümünü küçələrdən,
mən acımasız addımlarla
əzib keçirəm xatirələri.
yollar adamlardan şütüyüb keçir,
adamlar bir-bir tökülür həyat ağacından...
biz - ikimiz,
ikimiz - kimsəsiz,
kimsəsiz - biz.
bir tək xatirə islanıb yaddaşımda,
dilimin altında gizlətmişəm əlacını.
Payız yenə də
çılpaq qadın kimi tabloda,
gözünü çəkə bilmir bir kimsənə...