AĞAMİR CAVAD : -RAMAZAN BAYRAMIMIZ

Eşq ilə dolmuş ürəkdir Ramazan bayramımız,
Süfrədə duzdu, çörəkdir Ramazan bayramımız,
Ay müsəlman, mübarəkdir Ramazan bayramımız.
Sənsən eşq dünyasına şan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Dünyanın məhvəri eşqdir, əbədi qüdrəti var,
Hər çəkilmiş əzabın öz dəyəri, qiyməti var.
Hər ayın, hər sənənin öz yeri, öz hikməti var,
Sayılır aylara sultan Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Rəhm et azmışlarına, şübhə-güman sahibiyik,
Candan artıq nəyimiz varmı ki, can sahibiyik.
Arzumuz saf, sevirik haqqı, iman sahibiyik,
Hazırıq haqqa verək can, Ramazan bayramımız,
Sevgimiz doğmuç inamdan, Ramazan bayramımız.
Qoyma üzsün bizi bu dünyada hər dərd, kədər,
Allah adildir, inan, zəhmətimiz getməz hədər.
Ac-susuz səbr eləyib dözmüşük iftarə qədər,
Durmuşuq hər gün obaşdan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Ən uzaq mənzili də sevgi ilə qət eləyək,
Əməli saleh olub düzlüyə adət eləyək.
Tanrı can sağlığı versin, biz ibadət eləyək,
Şükranıq Allaha hər an, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Köklənib tanrıya vəsf üstə əzəldən tarımız,
Gözəl insanlar üçün sevgi olubdur varımız.
Salınıb yadə hər axşam əziz əmvatlarımız,
Oxunub hər gecə Quran, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Nazil olmuş bu gözəl ayda Quran, çatmış ələ,
Hər sözün, hər kəlamın vird eləyib yaydıq elə.
Ayrılıb fitrə, kasıblar da bir imkana gələ,
Verilir onlara ehsan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Bu gözəl ayda bizə gör nə qədər ayə gəlib,
Aşiq olmuş yerə göy, göy yerə sevdaya gəlib.
Ataraq küfrü məhəbbət ilə təqvayə gəlib,
Saflaşır gör neçə insan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Dəryalar eşqlə coşar, dağların ahı – sevgi,
Savabı dünyamızın eşqdi, günahı – sevgi.
Qəlbimizdə yuva salmışdır ilahi sevgi,
Eyləyir şeytana üsyan, Ramazan bayaramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Allah öz lütfi ilə ömrümüzə nur çiləyib,
Keçirib yaxşı-pisi haqq ələyindən ələyib.
Tanrının diqqəti vardır bizə, ikram eləyib,
Dağıdır dünyanı tufan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Qoymuşuq ömrümüzün tarixinə bir savab iz,
Bu inam nuru bizi etdi tamam qəlbi təmiz.
Qəlbimiz haqqa tərəfdardı, çətin işlərimiz
Düzələr olsa da nöqsan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Savab etmiş bizə qulluqda olan qız-anamız,
Əməyilə özünə mövqe qazanmış sonamız.
Xoş əməllərlə tikilmiş ucalan hər binamız
Olacaq iblisə zindan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Bəd əməl, bəd işə qarşı ruhumuz çəkdi keşik,
Abad olsun bu vətəndə hər oba, hər ev-eşik.
Əl açıb dərgahına haqqa dua eyləmişik,
Düşməsin torpağa ta qan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Tapınıb Allahına gör neçəsi gəldi dinə,
Çıxacaq el-oba bundan da gözəl yaxşı günə.
Vermişik sülhə qərar xoş gələcək xatirinə,
Tutular düşmənə divan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Allah adildi, verər hər kəsə öz qiymətini,
Paylayar eşqi ilə dünyaya naz-nemətini.
Əməli saleh olanlar qazanar cənnətini,
Bəxş edər lütfini Sübhan, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Bu gözəl ayda cahan sanki təzə cana gəlib,
Ruhumiuz saflaşaraq sevgi ilə qana gəlib.
Tutaraq haqq yolunu çoxları imanə gəlib,
Gələcək bir yeni dövran, Ramazan bayramımız,
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.
Yolumuz düzdü, bizi haqq yola çəkmişdir iman,
Dağıdıb zülməti nuruyla gülür eşq ilə dan.
Ağamir eşqinə sadiqdi, hər an Allahdan
Diləyir xalqına imkan, Ramazan bayramımız.
Sevgimiz doğmuş inamdan, Ramazan bayramımız.