Adilə Nəzərova, Filologiya üzrə fəlsəfə doktoru : - ƏDƏBİYYATDAN KİNOYA

YAZARLAR 09:02 / 15.01.2025 Baxış sayı: 130

 

Xalq Yazıçısı Elçinin bir neçə ssenarisi əsasında

 

Dünyada yeddinci sənət olaraq qəbul edilən kino öz dilini yaradaraq bütün sənətlərdən bəhrələnir, amma ən çox ədəbiyyatdan bəhrələnir. Ədəbiyyat və kino arasındakı əlaqə bölünməz bir bütünün hissələri kimidir. Çox bəyəndiyimiz, oxuyarkən hadisələri və personajları zehnimizdə canlandırdığımız kitabların kino halına gətirildiyini öyrəndikdə inanılmaz dərəcədə maraqla qarşılayır və ən qısa zamanda izləməyə tələsirik. Təbiidir ki, bəzən məyus oluruq, ekranda gözlədiyimizi tapa bilmirik, bəzən də əksinə, ədəbiyyatdan kinoya köçən əsərlər bizə daha çox şey söyləyir, daha çox təsiredici olur. Elə olur ki, kinoteatrlardan və ya televizor qarşısından heyrətlə ayrılıb günlərlə kinonun üstündən keçə bilmir, təhlil edir, müzakirələr aparırıq.

Azərbaycan kinosunda ədəbiyyatdan uyğunlaşdırılmış əsərlərin sayı kifayət qədər çoxdur, lakin ötən illərdə, yəni Sovet dövründə ədəbiyyat adamları ilə kino arasında əlaqələr o qədər də güclü deyildi. Aktyor, rejissor və texniki heyət baxımından çox şanslı və zəngin olan “Azərbaycanfilm” kinostudiyasının ən mühüm problemi sovet rəhbərlərinin Azərbaycanda belə demək olarasa, “xoşuna gələn”ssenaristlərin olmaması idi. Olanlar milli dəyərlərə önəm verdikləri üçün çox vaxt əsərdə ssenari arasında xeyli fərqlər yaranırdı.Bəzən ssenaristlərin sifarişlə yazdığı ssenarilər də olurdu təbii ki, ancaq onlar bir müddət sonra təkrarlanan kütləvi istehsala çevrilirdi.

Əlbəttə ki, kinoya dəstək verən, ssenarilər yazan yazıçılardan barmaqla sayılan ədəbi simalar arasında Xalq yazıçısı Elçinin xüsusi-əhəmiyyətli yeri var.

SSRİ dövründə ümumittifaq ədəbi prosesdə seçilən, yazıçı, tənqidçi kimi tanınan yazıçısının özünün yaradıcılığı da tədqiqat obyektinə çevrilmiş, xalqın taleyini, tarixini fərqli şəkildə əks etdirən əsərlərinin əsasında ssenarilər yazılmışdı.

Bu məqalədə isə müəllifin kinoya uyğunlaşdırılmış ədəbi əsərlərinin bir hissəsindən bəhs edəcəyik.

Az-az da olsa, həm kinomuzun ədəbi simaları, həm də ədəbiyyat sahəsində əsərlər yaradan kino xadimləri haqqında zaman-zaman yazılar oxuyuruq. Xalq yazıçısı Elçin də o önəmli və dəyərli ədəbiyyat xadimlərimizdir ki, onun əsərlərinin tamamını təşkil edən ssenarilərəkinolar çəkilmişdir.

Ssenarisi əsasında 1974-ci ildə çəkilən ilk film süjet xətti təzadlar üzərində qurulan “Əllər və rənglər” sənədli filmidir.  Filmdə rəssam Toğrul Nərimanbəyovun rəngkarlıq əsərləri, Kamil Nəcəfzadənin və Tahir Salahovunsənəti təbliğ edən portret əsərləri, xalça toxuyan qızın əlləri xronikal kadrlarla əvəzlənərək nümayiş olunur. Eyni zamanda alman faşistlərinin insanları qətl etməsi, Vyetnam müharibəsinin bombardmanı ilə yaşlı, uşaq, qadın olmaqla insanların öldürülməsi və cəlladların qana batan əlləri gözəllik yaradan sənətlə təzad yaradır. Burada ssenarist insan kimi yaşayıb, gözəlliklər yaratmağın həyatı nə qədər gözəlləşdirdiyini xatırlatmaq istəyir. Bu ilk uğurlu filmdən sonra  dəyərli nəsr əsərləri yaradan və ədəbiyyatda iz buraxan yazıçılar - Anar, İsmayıl Şıxlı, İsa Hüseynov, İlyas Əfəndiyev, Yusif Səmədoğlu ilə yanaşıElçinin ssenariləri əsasında da ard-arda filmlər çəkilməyə başlanır. 

Eyni ildə çəkilən “Ömrün səhifələri” (3 hissəli kinoalmanaxdan ibarət film – “Rəqiblər”, “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”dir.Novellalardan biri – “Baladadaşın ilk məhəbbəti”Elçinindir)  və 1976-cı ildə çəkilən “Alıcının sərgüzəşti” filmləri o illərdə “Azərbaycanfilm”in mövcud imkanları (və ya imkansızlıqları) daxilində, həm də ideologiyadan uzaq, fərqli və yaxşı kino çəkilə biləcəyini göstərdi.

1977-ci ildə çəkilən və əlli ilə yaxındır ekranlardan düşməyən “Arxadan vurulan zərbə” bədii filmi bugün də, sabah da vətənpərvərlik hissləri oyadan və aşılayan filmlər sırasındadır. Vətən sevgisinin həqiqiliyinin sübutu olaraq, cinayətkarı tapmaq üçün müstəntiqin insan iradəsinin sərhədlərini zorlayan fəaliyyəti kinonun bütün dövrlərdə zirvədə qalmasını təmin edir. Elçinin “Ox kimi bıçaq” povestinin əsasında çəkilən və tamaşaçıların ixtiyarına verilən bu bədii film bir ədəbiyyat adamının kino sahəsindəki fəaliyyəti ilə yanaşı, kinonun ədəbi qaynaqlardan necə və nə qədər bəhrələndiyinisübut edir.

Həm “Ox kimi bıçaq”, həm də “Arxadan vurulan zərbə” ad olaraq çoxmənalıdır. Bu, təkcə bıçaqla vurulan zərbə deyil, eyni zamanda şübhədən, xəyanətdən, inam və etibardan sui istifadədən  irəli gələn mənəvi zərbədir.

Azərbaycan ədəbiyyatının həm də modernist yazıçısı deyə biləcəyimiz Elçini bu əsərdə tarixi və dedektiv janrında yazan müəllif olaraqgörürük. “Ox kimi bıçaq” əsəri əlbəttə ki, ssenari kimi daha çox tanınmağa başladı. Filmdə hadisələr bir neçə xətt üzrə cərəyan edir. Saf görüntü sərgiləyən, bir az da sevgiyə meyilli xəttdə Ziba obrazıdır ki,əvvəl qətlə yetirilən adamın saatının onun tərəfindən satılması ilə şübhə doğurur, sonra sakitcə milis maşınına oturub getməsi isə incə yumor fərqləri ilə hadisələrə yüngüllük gətirirsə, qatı cinayətkar, qatil Fəttah kişi – Qurd Cəbrayıl intriqanı, Əhməd Qəmərli, İmaş, Cəbi və b. hadisələrin gedişatını gücləndirən hərəkətverici quvvə kimi ortaya çıxır. Hadisələrin köklərinin keçmişə bağlanması filmin tarixi əhəmiyyətini artırır. Film bütün zamanların ən yaxşı Azərbaycan filmləri siyahısında ön yerlərdən birini tutur. Həm əsərin müəllifi, həm də rejissor burada insan iradəsinin gücünü, haqq-ədalətin qələbəsini və vətən məhəbbətinin üstünlüyünü diqqətə çatdırmaq istəmiş və buna uğurla nail olmuşlar. Araşdırmalar göstərir ki, kino nə qədər kitaba sadiq qalırsa bir o qədər keyfiyyətli iş ortaya çıxır. Bu filmdə rejissor kitabı tam olaraq filmə uyğunlaşdırmışdır,- desək yanılmarıq. Filmdə də romandakı kimi hadisələrin ardıcıllığı qorunmuş, rejissor uyğun hekayə üslubunu tam mənimsəyərək hadisələri şüurlu şəkildə öz filminə köçürmüşdür.

Şərq ədəbiyyatının humanistliyini, milli, mədəni dəyərlərini, xüsusilə dini mənsubiyyətin ayırımcılığı üzündən sevginin uğursuzluğunu gətirən ənənəsini ələ alan “Mahmud və Məryəm” filmi müəllifin eyni adlı romanı əsasında çəkilib. Roman isə “Əsli və Kərəm” dastanının müəyyən qədər pozulmuş –tezis, antitezis (tarixi hadisələrdə haqq-ədalətin, ənənələrin qorunmasında, xeyir və şər qüvvələrin qarşılaşdırılmasında və s.), sintez və kompozisiyasının qovşağının əsasında yazılıb. Belə ki, əsər müsəlman Mahmudun xristian Məryəmlə olan sevgi hekayəsini təqdim etsə də, hekayəyə xeyli əlavə süjetlər daxil olub. Xüsusilə əsərin sonlarına yaxın Ərzurum hakimi Süleyman paşanın Mahmudu xilas edərək sarayına gətirməsi, Məryəmi tapıb onunla evləndirmək istəməsi mərhələsində Mahmuda öyüd-nəsihəti – “...Bütün dünyanın türkləri sifət quruluşlarından, adətlərindən asılı olmayaraq birləşməlidir!”-deyə bütün türkləri birliyə səsləməsi səbəbilə bugün də aktuallığını qoruyur,bu məqam müasir oxucunun (izləyicinin) diqqətini cəlb edir.

Romana yön verən dastan janrının tarixi hərəkatlar və sevgi mövzusuna da daxil olması, iki dağ arasındakı körpünün qırılması, işıqlı dünyadan qaranlıq dünyaya qapının açılması onu göstərir ki, əsərdə dastanların ən qədim formaları ən son formaları ilə qarışıb.

Azərbaycanda türklərlə birgə müxtəlif etnosların, xüsusilə etnik-mədəniyyətin, xristian dininin fəal daşıyıcılarının mövcudluğu, VIII-IX əsrlərdən yayılmağa başlayan, sözügedən dövrdə artıq yerli mədəniyyət sayılan islam dininin xristian dininə nisbətən mənfi münasibəti, Azərbaycan türklərinin mədəni-mənəvi üstünlüyünün yerli etnos xalqlar tərəfindən qəbul edilməməsi, öz dini, mənəvi, hətta mifoloji baxışlarını, təfəkkür mədəniyyətlərini yaşatmaları, bəzi hallarda gizli və ya açıq müxalifətə girmələri bu əsərdə də (daha çox romanda) görülür. Film boyunca davam edən qarşıdurmalar, xəyanətlər, ölüm və həyat arasındakı xaos, hadisələr arasında əlaqə yaradan mediator qurd və s. mətnə mifoloji mənalar qazandırır. Həm Mahmudun, həm də Məryəmin ailəsində olan münasibətlər yerli və etnik qruplar arasındakı xaotik durumu bildirir. Məryəmin anası ölüb, amma onun vəsiyyəti olaraq (guya) qızı müqəddəs məbədə aparmalıdırlar. Bu isə Məryəmi Mahmuddan uzaqlaşdırmağın bir yolu kimi görülür, qızla atası arasındakı doğmalıq əlaqələrini, ailə bağını qoparır. Xristian qızın müsəlman oğlana vurulması – sevgi ayrı dinin daşıyıcılarının xaotik durumdan çıxışı kimi irəli sürülür, lakin qızını onunla getməyə məcbur edən, bəzən yolboyu sürüyən ata buna mane olur. Mahmudun atası (XVI əsrin əvvəllərində Gəncə hakimi) Ziyad Xan isə oğlunu yerini bilmədən Məryəmi axtarmağa yollayır. Kinoda bu hadisə nağıllardakı “çətin səfər” motivi ilə eyniləşir. Mahmuda çətin səfərdə yoldaşlıq edən Sofu vəzifəsinin öhdəsindən gələ bilmir, daş-qaşı götürərək gedir. Sonda “Mahmud və Məryəm” “nağılı”nı yenə Sofunun dilindən dinləyirik. 

Filmin sonunda Mahmudun od tutub yanmasıhər insanın taleyinin bilavasitə doğulduğu dövr və ailəsi ilə bağlı olmasıhəqiqətini, həm də bu odun ilk olaraq qılınc tutmaq istəməyən əllərindənbaşlaması isə əl içi xətlərinin tale və ömür yolunu bəlli etməsi inancını təsdiqləyir. Haqqında söhbət gedən əsərə görünür, məzmununu götürdüyü Azərbaycan-türk eposunun bu qədər çox təsiri olmuş ki, zərdüştlük ideyaları – “Avesta” təsir göstərmiş ki, işığa, oda-atəşə qədim türklərin tarixi inamı olan atəşpərəstliyin idrakı-estetik mövqe qazanmasının sübutu kimi üzə çıxır.

“Əsli və Kərəm” dastanının davamı kimi qəbul edə biləcəyimiz “Mahmud və Məryəm”də də qəhrəmanın odda yanması eyni zamanda eşqin oduna yanma olaraq özünü biruzə verir ki, burada hər iki variantda odun bir növ müqəddəsliyinə işarədir. Ədəbiyyatdan bəyaz pərdələrə köçən bu əsərdə hər iki tərəfin öz dini-mifoloji inancları, idealları naminə atəşə verdikləri sevginin uğursuzluğu tarixi aspektə əsaslandığı üçün, sonrakı nəsillərin gözündə uğur qazanır. Sevgililərin birgə yanması tamaşaçının yaddaşında xeyirin şər üzərindəki qələbəsi kimi iz buraxır.

Elçinin “Toyuğun diri qalması” povestinin motivləri əsasında ekranlaşdırılan “Sahilsiz gecə” filmi insanın həyatın bütün çətinliklərinə dözərək ləyaqətlə yaşaması fikrini ötürmək məqsədi daşıyır. Təbii ki, əsər daha çox sovet dövrünün ictimai-siyasi ideyalarını əks etdirir. 1989-cu ildə çəkilən filmdə baş rollardan biri olan Zübeydənin dövrün tələbindən kənara çıxan, milli-mənəvi, mədəni-əxlaqi dəyərləri heçə sayması, əxlaqa zidd  hərəkətlər etməsi – siqaret çəkməsi, əsəbləşəndə ətəyini qaldırması və s. əlbəttə ki, o zamanın tamaşaçısı tərəfindən birmənalı qarşılanmamışdı. Bu səbəbdən yazıldığı və ekranlaşdırıldığı dövrdə müəyyən qədər etirazlara da səbəb olmuşdu. Lakin indi oxuduqca (izlədikcə) hiss olunur ki, əsər müəllifin tanıdığı adamlar və bildiyi yerlər əsasında yazılıb. Beləliklə, sosial fobiya pozğunluğu olan məşhur personaj Zübeydə ortaya çıxıb. Hadisələr sovet dövrünün dağılması ərəfəsində cərəyan edir. Zübeydəninəhvalının dəyişməsi onun şəxsi problemləri ilə paralel gedir. Cəmiyyət tərəfindən amansızcasına kənarlaşdırılan Zübeydəobrazı impulslarına,maddiyata və sevgi aclığına qarşı dura bilməyərək öz qaçılmaz sonunu hazırlayır.

Elçinin hazırda sonuncu olaraq, “Gül dedi bülbülə” hekayəsinin ssenarisi əsasında iki il öncə - 2022-ci ildə, yeni il bayramı ilə əlaqəli “Sabah” Yaradıcılıq Studiyası tərəfindən çəkilən “Televizor” filmidir. İlboyu televizor almaq üçün pul toplayan ailənin başçısı Əlipaşa təsadüfi bir hadisəyə qarışır və bununla da televizorun pulunu xərcləmiş olur. Ailəsinə sədaqətli, qızlarına bağlı ata bir mətbuat orqanında redaktordur. Yeni ilə üç gün qalmış Əlipaşa işdən icazə alıb uşaqlarına söz verdiyi kimi, televizor almağa gedir,qapıdan çıxanda tanıdığı bir şairlə görüşür və şair onu yeni il qabağı toplaşdıqları məclisə dəvət edir. Məclis qızışır, Əlipaşa da məclis əhıinə qarışıb içki içir, rəqs edir, nəhayətində arvadı da ərinin arxasınca həmin məclisə gəlib çıxır. Ərinin sınmasına könlü razı olmayan qadın hesabı ödəməsinə razılıq verir və beləcə televizor almaq onlar üçün bir xülya olur. Amma yeni il gecəsi möcüzə baş verir, qapı döyülür, iki nəfər içəri girir, təsadüfnəticəsində, özlərinin də unutduğu, televizor satılan bir mağazada oynadıqları lotoreya bileti vasitəsilə udduqları televizoru gətirdiklərini bildirir. Beləliklə, film sürpriz sonluqla bitir və tamaşaçını təəccübləndirir. Əsərin izləyiciyə ötürdüyü mesaj budur: Həyata xoş bax, xoşgörülü ol, qismətində olan bir gün mütləq gəlib səni tapacaqdır. Burada tamaşaçının gəldiyi nəticə bir də budur ki, əsər müəllifin internet əsrində televiziyanın ikinci plana keçməsini önləmək səyidir. Keçmişə bağlılıq, nostaygiyaya sadiqlik bu əsərlə yazıçının ədəbi qayəsini bir daha diqqətə çatdırır. Filmiçəkərkənrejissor Sirac Mustafayev baş rol – Əlipaşanın, onun ailəsinin və şair dostlarının durumunu diqqətə çatdırmaq məqsədilə, qəsdən sadəmühitdən, tanınan məkanlardan, həmçinin az çarxdan istifadə etməyi seçmışdır.

Ədəbiyyat və kino sənətin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki qoludur. Bu qarşılıqlı əlaqə əsasən uyğunlaşma konsepsiyasına əsaslanır. Yazıçı-dramaturq Elçinin ədəbiyyatdan kinoya uzanan ssenarilərində uyğunlaşma anlayışı qarşılıqlı əlaqənin mərkəz nöqtəsini təşkil edir, çünki həmişə olduğu kimi bu əsərlərdə də vizual mətn olan kino öz əsasını bədii mətn olan ssenaridən alır.Araşdırmalar göstərir ki, incəsənətin bu iki qolu bütün sənət sahələri kimi məlumatlandırmaq, əyləndirmək, yeni perspektivlər təqdim etmək, estetik zövq yaratmaq kimi funksiyalara malikdir.