unutdun min ilin özgəsi kimi -  Ayaz Arabaçı

Ədəbiyyat 09:13 / 30.10.2026 Baxış sayı: 527

unutdun min ilin özgəsi kimi,

atdın bir arzunun boş tərəfinə.

yəqin ki, ömrünə vaxtsız gəlməyim,

düşmədi könlünün xoş tərəfinə.

 

nə sözdən-sözüm var,nə addan-adım,

ən uzaq doğmamsan, ən yaxın yadım,

yüz dəfə, min dəfə dəyib qanadım,

sənin ürəyinin daş tərəfinə.

 

acanda, ruhundan acıb gələrsən,

bütün zindanlardan qaçıb gələrsən,

bir gün yelkənləri açıb gələrsən,

mənim gözlərimin yaş tərəfinə.

 

dərdimi çəkməyə hansı filin var..

bu eşq məhbusuna neçə ilin var..

məndə bahar donlu bir şəkilin var,

asmışam könlümün baş tərəfinə.

 

xatırla bir dəfə, harda nəfindim..

bəlkə düzgünündüm bəlkə səhvindim,

qabaqlar dörd yanın, dörd tərəfindim,

indi də dönmüşəm beş tərəfinə..