Vasif Süleyman : - SOLANDI YANAĞIN YAŞ OLAN YERİ

Ədəbiyyat 09:13 / 27.04.2025 Baxış sayı: 911

 

Ömrümdən ehtiyac keçdi, səngidi,

Qapandı dərdimin boşalan yeri.

Göz dağı - dağların ən nəhəngidi,

Bir də talelərin qış olan yeri.

 

Gördüm ağlamamış ürək kiridi,

Onda yerin-göyün dərdi biriydi.

İlahi, dünyanın xoş bəxt yeridi.

İlk eşqin ürəyə tuş olan yeri.

 

Həsrəti özümə gərək bilmişəm,

Onu duz bilmişəm, çörək bilmişəm.

Yanmaya-yanmaya ürək bilmişəm,

Sinənin altında daş olan yeri.

 

Sevincdən daşındım, qəmdən daşındım,

Göz yumub-açınca yandım, yaşandım.

Torpağa su düşsə, yaşıllaşandı,

Solandı yanağın yaş olan yeri.