Ayaz Arabaçı: - Əlimi hara atsam, sən çıxırsan qarşıma.

Ədəbiyyat 09:05 / 10.05.2025 Baxış sayı: 1396

Əlimi hara atsam, sən çıxırsan qarşıma.

Ətir kimi hopmusan elə bil üst-başıma.

Varsan ömür-günümü nizamlayan düzgüdə.

Ya

bir köhnə kitabda, ya bir sınıq güzgüdə...

Əlimi hara atsam, pozulmayan qaydasan,

Ya bir udum havada,

Ya da bir fincan çaydasan.

Hər gün azadlığımsan və hər gün də qəfəsim,

Səninlə gedib gəlir

bu dünyada nəfəsim.

Əlimi hara atsam, oranı adın bəzər.

Pəncərəm səni deyər, divarda kölgən gəzər.

Əlimi hara atsam, tufan qopar, sel gələr,

Küləklərə qoşulub saçından bir tel gələr.

Minərəm bir qatara gedərəm səssizliyə,

Əlimi hara atsam, toxunar sənsizliyə.

Əlimi hara atsam, açılar yoxluğuna,

Əlimi hara atsam, mat qalar çoxluğuna.

Üç əqrəbin gözüylə

saat baxar divardan,

Əlimi hara atsam: "xəbər gəlmədi yardan".

Bir ömür qədər uzaq əlçatmayan, xülya sən,

Əlimi hara atsam,

içimdə bir dünya sən.

Əlimi hara atsam, hər şey özgənin, yadın.

Qəlbimə tatulanıb elə o vaxtdan adın.

Əlimi hara atsam, bir qurumuş dəniz var,

Əlimi hara atsam, sənsizlikdən bir iz var...

Başqa bir qapı döyər, əllərim yanılar da...

Xatirə libasında qalmışıq anılarda.

Əlimi hara atsam, gedib düşər boşluğa,

Bir qədəh də mey süzüm, bəlkə, bu sərxoşluğa???