Tahir Rzayev, komitə sədri : -  Ulu Öndərimizin arzuları, istəkləri, ideyaları bəşəridi. 

SİYASƏT 20:58 / 11.12.2024 Baxış sayı: 3156

Azərbaycan tarixində 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü kimi xatırlanır. 

Heydər Əliyevin Azərbaycan tarixində, ölkənin inkişafındakı böyük rolu yaddaşlarda silinməz izlər qoyub. Yenises.az   xəbər  verir ki, Milli   məclisin komityə sədri  Tahir Rzayev  bildirib ki, bu gün nəinki Azərbaycan xalqı, dünyanın bir çox xalqları Ulu Öndərimiz Heydər Əliyevin anım gününü ehtiramla qeyd edirlər: 

“Ancaq Heydər Əliyev yalnız anım günlərində yad olunmur. O, hər gün, hər saat, hər an ürəklərdədir, yaddaşlardadır. Ulu Öndər yad olunur, xatırlanır və ruhuna böyük ehtiram ifadə olunur. Heydər Əliyevin xidmətləri misilsizdir və o, bu xidmətlərə görə Azərbaycan xalqının qəlbində əbədiləşib, dünyada böyük hörmət və ehtiram qazanıb. 

Çünki Ulu Öndərimizin arzuları, istəkləri, ideyaları bəşəri idi. 

Azadlığa, insan xoşbəxtliyinə, dünyada sülhə, əmin-amanlığa, qurub-yaratmağa xidmət edirdi. O, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə bu ideyaları, amalları uğurla həyata keçirirdi. İstər 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi illərdə, eləcə də sonrakı dövrlərdə, Moskvada çalışdığı vaxtlarda Heydər Əliyevin qəlbi həmişə öz xalqı, vətəni, torpağı ilə bir döyündü və o, Azərbaycanın ucaldılması, şöhrətlənməsi üçün bütün həyatını sərf elədi. İlk dəfə hakimiyyətdə olduğu dövrlərdə Ulu öndərimiz Azərbaycanı iqtisadi və mənəvi böhrandan xilas elədi. Geridə qalmış bir respublikanı ittifaqın ən qavaqcıl regionları sırasına çıxardı. İnsanlara ruh verdi. Onlara yeni həyat bəxş elədi. Ölkə sürətlə inkişaf etdi. 

İnsanların həyat şəraiti yaxşılaşdı və Azərbaycan bütün dünyada tanınan bir respublikaya çevrildi. O, ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanı nəinki düşdüyü siyasi böhrandan, qarşıdurmalardan, parçalanmalardan qurtardı, həm də atəşkəs rejimini tətbiq etməklə Azərbaycan torpaqlarının geniş miqyasda işğalının qarşısını aldı. Ulu Öndərimiz neft kontraktını imzalamaqla bugünkü inkişafımızın əsasını qoydu. O əsasın ki, bu gün həmin kontraktın əsasında bu gün bir çox neft və qaz kəmərləri artıq xarici ölkələrə məhsul ixrac edir və bu gün Azərbaycan Avropanın enerji, qaz təhlükəsizliyi sahəsində çox böyük rola malikdir”. 

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev Azərbaycanda böyük islahatlar keçirməklə tarixdə  siyasi rəhbər kimi əbədi həyat qazanıb: 

“O, hakimiyyətinin ilk illərində bir çox mühüm qərarların qəbul edilməsinə imkan yaratmaqla Azərbaycanın kənd təsərrüfatını, iqtisadiyyatını, sənayesini yüksək bir mərhələyə qaldırdı. İkinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi proqramlar, layihələr, torpaq islahatı, özəlləşdirmə proqramlarının yerinə yetirilməsi ilə Azərbaycan iqtisadiyyatının təməlini qoydu və bu təməl üzərində ölkəmiz sürətlə inkişaf edir. Əlbəttə, bu bəşəri bir amal idi və ölkənin inkişafında, beynəlxalq aləmdə tanınmasında, şöhrət qazanmasında bu amallar, bu əməllər böyük rol oynadı və bu gün öz nəticələrini verir. 

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Heydər Əliyev ideyalarına arxalanır və bu ideyaların uğurla yerinə yetirilməsi ölkəmizə çox mühüm qələbələr bəxş edib. O dövrdə hərbi müdafiə qüdrətinin yüksəldilməsi, Naxçivanski adına Hərbi Məktəbin yaradılması, Dərin özüllər zavodunun tikintisi və digər mühüm, Azərbaycan üçün vacib olan məsələlərin həlli bu gün  özünün aydın ifadəsini tapır və nəticə verir. 

Vətən müharibəsində qazanılan böyük qələbə və bu qələbədə o vaxt yaradılan Naxçıvanski adına Hərbi Məktəbinin məzunlarının fəal iştirakı göstərir ki, Heydər Əliyev öz dünyagörüşü, öz baxışları ilə nəinki illəri, onillikləri qarşılamağı bacardı və bu bizim qələbədə çox mühüm rol oynadı. Çünki qələbənin əldə edilməsində həmin məzunların qəhrəmanlığı, şücaəti hesabagəlməzdir və bu, çox böyük nəticə sayılmalıdır”. 

Millət vəkilinin qeyd edir ki, digər iqtisadi, mənəvi məsələlərdə, beynəlxalq siyasətdə Heydər Əliyevin misilsiz xidmətləri var və real həyatda özünü aydın şəkildə göstərir: 

“Ona görə də xalqımız, bəşəriyyət Heydər Əliyevi məhəbbətlə yad edir. Çünki Heydər Əliyev Sovetlər İttifaqında işlədiyi dövrdə dünyanın bir çox ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində misilsiz xidmətlər göstərib və İttifaqı ucaltmaqla bərabər öz adını bir siyasətçi, bir diplomat kimi tarixə yazıb. Ulu Öndər həmişə bizim üçün əzizdir, hər zaman Azərbaycan xalqı, bəşəriyyət üçün doğmadır və onun xatirəsinin yad edilməsi hər bir kəsin ürəyindəndir və bu xatirənin əbədiləşdirilməsi hər birimizin borcudur”.