Əbülfət Mədətoğlu : Şeirləşən duyğular

Ədəbiyyat 11:38 / 13.12.2024 Baxış sayı: 2072

 

Hər anımı vərəqlərə köçürüb

Mən özümü qədəminə gətirdim...

Ürəyimi imtahandan keçirib -

Hər halımı hər dəminə gətirdim!..

 

Hüdudların çəpərlədim həsrətin,

Qoymadım ki, budağına quş qonsun..

İstəmədim bu ağrılı qismətin -

Pıçıltısı dodağına tuş olsun!

 

Düyünlərin didib, kəsib, axır ki,

Gələcəyin yol enində qol açdım!

Allah göydən mənə elə baxır ki,

Sanki onun ətəyindən sallaşdım!..

 

Bilirsən ki, həm ürəyin, həm ruhun -

And yeri də, yurd yeri də tək sənsən!

Olmayacam, qarışanda bil, yuxun -

Sən nə vaxtsa, bu dünyada təklənsən!