Şakir Xanhüseyn : - CAHİLLİK, ATİLLİK
dağılmaqdan qoruyuram özümü
bir ev kimi,
düşmən əlinə keçən yurd yerləritək...
önümdəki bir dağı götürüb qoyuram
yol qırağına,
ovcuma yığıb suyunu bir çayın üstündən keçirəm körpüsüz...
bir ananın qucağı boşdu,
dünyası puçdu,
dərdi birdi min bir tikəyə bölünüb,
saçlarını ağ hörüb qapqaradı hələ,
oğlunun yatdığı torpağı
doğma ana nəfəsiylə isidir ki, balası
üşüməsin,
bütün düşmən güllələrinin qurşunlarını
toplayıb ovcunda ki,
sədəməsi başqa analara dəyməsin;
qalxıb bir hündür yerdən
kimin nə etdiyini görmək istəyir;
yanlış bir addım belə atılmasını belə--
gülləsayaq--
xəyalına gətirmir, istəmir olsun, bax...
nəğməsini yarımçıq oxuyan bir Səs
bütövlüyə çağırır hamını,
bütünlüyə qovuşdurmağa çalışır
yuxusunu qarışdırıb yata bilməyənləri...
kiminsə üzündə işıq görəndə
sevincimi gizlətmirəm heç kimdən,
əlimdən, ayağımdan, gözlərimdən;
əlim, ayağım, gözlərim mənim
kimsələrimdi, canlarımdı onlar mənim...
yaşamın üstünə getmək,
yüklənməli hər kəs öz çiyinlərinə,
hər kəs özünü belinə götürüb daşımalı
irəli, geri,
sağa, sola,
nə ola ola...
torpağı ayağa qaldırmağın bir yolu var:
insan gərək özü əvvəl ayağa dura,
bir insan ki yıxılır ha,
ondan qabaq yıxılır evi, yurdu, uca-uca
dağları,
ağaclardakı quş yuvaları da,
uşaqların arzuları, duaları da...
kimsə yerindən kıpırdamasın--
bir yerdə dayanmayıb hey qabağa,
hey önə,
günçıxana,
günbatana qoşmaq, yürümək
əsla ayaq vermədən biganəliyə,
laqeydliyə,
cahilliyə
və atilliyə!
19.12.2024