Rəfail Tağızadə : - BAŞQALARI ÜÇÜN YAŞAYANLAR

YAZARLAR 10:52 / 21.12.2024 Baxış sayı: 240

                                                                                             Bu gün Etmad Əsədovun doğum günüdür!

 

Ehtimat Əsədova və bütün Qarabağ Qazilərinə

 

Səni qoynuna alıb aparan həyatda hansı sürprizlərlə rastlaşacağın bilinməz. Daşlı-kəsəkli, enişi-yoxuşu hamarından çox olan bu həyat yolunun harasında könüllü, harasında məcburi dayanaraq nəfəs dərəcəyin; sevincin, kədərin bəlli olmaz.

Kim olacaqsan, kimin olcaqsan, kimlər çıxacaq qarşına, səni dəyişmək istəyən, dəyişdirən nələr olacaq sualları bitib tükənməyəcək. Sual verənlərin o qədər çox olacaq ki... Danışmaq, cavab vermək istəmədiyin, cavab vermədiyin, verə bilmədiyin suallara bir az baxışların, bir az sükut, bir az zaman cavab verəcək. Sən olmadığın yerdə səndən uzaq düşən əllərin, qolların, gözlərin danışacaq. Hissələrindən, hislərindən keçməli olacaqsan. Səni tərk edənlər gələnlərindən çox olacaq. Dözmək düşüncəsindən uzaq olanlara dözəcəksən. Ömrün boyu arzusunda olduqlarından keçmək məcburiyyəti sıxacaq səni.

Bəzən yaşamaq həvəsin tükənəcək, bəzən stimul sənə daha böyük həvəs verəcək. Kimə necə... Çoxluqsa azlığı, ötəriliyi həmişə üstələyir.

Qara buludlar arzulara kölgə salanda mübarizliyin səngimək istəyəcək. Sənsə “həyat mübarizədir” –deyib, çarpışırsan, döyüşürsən. Düşmənlə döyüşürsən, düşmənlərlə döyüşürsən. Özünlə döyüşürsən. Düşmən çox olanda qələbələrin sayı azalır.

İnsanı etmədiklərinə görə qınamazlar. Etdiklərinə görə qiymət verərlər.

İtirə-itirə gedirsən. Sən əza itirməyə öyrəşmisən. İndi də hər döyüşdə sinirlərini, baxışlarıni, hisslərini, arzularıni itirirsən. Bu itkilər cəmləşib səni içindən yeyir. Bayırdan yeyənlərə yenə əl-qol, söz ata bilirsən. İçdən yeyənlərə isə susursan. Buradək gəlibsə, artıq doğmadır. Kənar təsirlərdən yaransa da, özününkü bilib gizlin-gizlin təslim olursan. Razılaşırsan. Dostu olmayan məğlubiyyətlər əvəzini səndən çıxır. Əridir səni. Yox olub gedirsən.

Bir də baxırsan ki, sən heç özünçün yaşamadın. Hətta düşüncəndə də. Həmişə başqalarını düşündün, başqaları üçün yaşadın. Bir də canından çox sevdiyin, canından keçdiyin sevgili Vətənçün...

Nə yaxşı ki, arxaya boylananda sevinc payladıqlarının, sevindirdiklərinin xoş baxışlarını görürsən. Sevinirsən. Daxili təbəssümün dodağına kimi gəlir. Və sonra... heç kimin bilmədiyi iç ağrılarına “mübarək” deyirsən.

Elə yoxluqlar var ki, onların işığı varlığın işığından çoxdur. Zülmətləri yarıb keçən işıq kimidi, şəhidin işığı. Şəhid işığı boşluqları doldurar. Yoxluğu var edər.

Şəhidlər ulduzlar kimidir. Gecəni, qaranlıqları aydınladan o işığın selinə düşüb gedə bilirsən...

“Həyat gözəldi, qardaşım”, – deyirdi, Böyük Nazim Hikmət. Həyat insanları, insanlıqları ilə gözəldi. Həyat sizlərlə gözəldi. Arxanca “yaxşı ki vardın, yaxşı ki varsan, tanıdıq səni” – deyimini eşitmək, duymaq, nə gözəl. Demək ki, yaşamısan, yaşayırsan, yaşayacaqsan. Hələ çox eşidəcəksən o sözləri. Yazan mələklərin uçub gələn vaxtları da olur...

Yolunuz mübarək, müqəddəs Yolun Yolçuları!

 

09.12.2018

Bir 1 nəfər şəkili ola bilər