Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd olundu

MƏDƏNİYYƏT 09:13 / 13.12.2024 Baxış sayı: 2084

Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı - dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O, elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, Hüseyn Arifin şeirlərində mənsub olduğu xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi.

 Bu fikirlər dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə səslənib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İlyaslı , Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Hüseyn Arifin bənzərsiz poeziyasından danışaraq vurğulayıblar ki, şairin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bildirib ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Akademik Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə tərcümə olunub. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırıb. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş̧ əhvalatlar onun şair ciddiliyini nəinki zədələmir, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

Natiqlər vurğulayıb ki, Hüseyn Arifdən söz açanda "təbiət şairi" ifadəsini tez-tez işlədirlər. Bəli, o, təbiətin şairi idi. O mənada ki, təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, meşədə, dağda, çöldə, çəməndə, bir çeşmə başında olanda sanki dünyaya təzədən gəlirdi. Təbiəti bəlkə də onun kimi duyan, sevən ikinci bir adam tapmaq çətindir. Ancaq Hüseyn Arif poeziyasını yalnız insan-təbiət dairəsi ilə məhdudlaşdırmaq doğru olmazdı. Xalqın fikir dünyası, ruhu və psixologiyası H.Arifin poetik dünyası ilə qovuşurdu.

Hamıya məlumdur ki, Hüseyn Arif aşıq poeziyasının vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif Ələsgərin ustadı Aşıq Alının şeirlərini toplayırdı. Azərbaycan Aşıqlar Birliyi məhz Hüseyn Arifin qayğıkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaranıb. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu.

Diqqətə çatdırılıb ki, Hüseyn Arifin şeir və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin yaradıcılığı hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, 1984-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1989-cu il ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin adının əbədiləşdirilməsi ilə bağlı fikirlərini bölüşən çıxışçılar qeyd edib ki, söz sərrafının vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub. Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmlini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Gecədə qiraətçilər şairin şeirlərini, tanınmış və gənc ifaçılar isə sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Sonda Hüseyn Arifin ailəsi adından nəvəsi Tural Rəhmanzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

                                                                                                                    AZƏRTAC