Kəndli olmaq bir elmdir- yazır Aida Adıgözəl
İnsanlarımızın rayonlarından qaçqın düşməsi o rayonlara məxsus bir çox adət, ənənə və kəndli mədəniyyətinə də zərər vurdu.
İllər öncə Pirallahı adasında işləyərkən Həmid Əhmədli adlı Laçınlı iş yoldaşımız vardı (indi burda feysbuk dostumdur, çox yaxşı insan kimi yadımda qaldı). Onun hələ işğal vaxtı harasa məskunlaşmış həmyerlilərindən alıb Bakıda bizə pay verdiyi Laçın pendirinin dadını nə unutmuşam nə də daha heç yerdə o dadda pendirə rastlaşmışam.
Baxmayaraq atamın biz uşaq olanda gəzmədiyi rayon, gətirib bizə daddırmadığı hər cürə kənd təsərrüfatı məhsulu qalmamışdı.
Bilmirəm, indi haçansa geri dönən nəsil əlli il qabaq nənələrinin o əl qabiliyyətini, əl duzunun, məharətinin dadını qaytara biləcəklərmi? Çünki yeni nəsil Bakıda və müxtəlif rayonlarda doğuldu, o mühiti, o təbiiliyi yaşamadılar...
Kəndli olmaq bir elmdir, bir mədəniyyətdir. Çünki bütün istehsalların bünövrəsi kənddən başlayıb. Bu gün istər yerli, istər xarici çeşiddə nə qədər pendir növü varsa bunların zavod və fabriklərə daşınmasından əvvəl kəndlinin etdiyi və bildiyi emal olub. Tədricən təkmilləşəib müasirləşərək satış bazarının tələbi və artmasıyla zavod-fabrik kültürünə keçib.
İki aydı bacımdan pendir vurmağı öyrənirəm. Vurmuşam da, hər halda dükan-bazardan aldığım pendirlərdən yaxşı olduğunu düşünürəm. Çünki içində heç bir süni qatqı olmayan tam orqanik məhsul yediyimə əminəm. Amma pendir vurmaq üçün Kürdəmirli yox Laçınlı da olmaq gərəkirmiş, o yediyim pendirin dadını almaq üçün təcrübə baxımından.
On litr süddən cəmi bir kilo pendir alıram. Yəqin ki, ya yaxşı çürütmürəm ya da burda mənim bilmədiyim daha maraqlı gizli məqamlar var. Öyrənmək də bir əzmdir, hələ ki kəndə dönməklə həyatıma bir çox maraqlı şeyləri əlavə etməkdəyəm.