Əlizadə Nuri : - Yorğunluq
Allah göydə deyilsə,
O göy kimin göyüdü?
Harda yetim dərd qalıb
Verin mənə böyüdüm...
Gülə güllə atdılar,
Dik tutmuşdu başını.
Bu yağışdı, yoxsa ki
Göy üzündə vurulmuş
Quşların göz yaşıdı?!
Dünyadı da, sevdiyim,
Rəngli işıqlar kimi.
Yanırıq- sönürük biz.
Bir dəfə doğuluruq
Min dəfə ölürük biz.
Hər yanımı qan tutub-
Mən də belə adayam.
Get, o bayquşdan soruş,
Hansı xarabadayam?
Yuxumda yatan çiçək,
Öpüb, oyatdım səni.
...Ölüm, məni bağışla
Bir az yubatdım səni.
Qəmlə oynayıram mən,
Bəs hanı tay-tuşlarım?
Bu gün süfrə açmışam:-
Çağırın ac quşları...
...Ölü balıqlar düşür,
Atdığım hər qırmağa.
Çox soyuqdu... gedirəm
Allaha sarılmağa...