Arzu Əsəd : - Mayası lağlağı ilə qoyulan Azərbaycan nəsri

YAZARLAR 12:30 / 21.12.2024 Baxış sayı: 190

Lağlağılıq müstəmləkəçilik mirasıdır. On illərin, yüzillərin toplumda yaratdığı mənəvi illətdir. Azərbaycan yeni ədəbiyyatının - nəsrinin, dramaturgiyasının təməlində nə yazıq ki, laglağılıq üstünlük təşkil edir.

Axundov, Mirzə Cəlil, Haqverdiyev...həm də imperiyanın tələb və senzurasına cavab versinlər deyə elə öz personajları kimi millətə, milli dəyərlərə istiqamətlənmiş laglağının barıtını çox ediblər. Həyat və məişətimizə də laglağının bütün elementləri nüfuz etmisdir. Hər doğulan uşaq sonradan ikinci lağlağı adını - ayamasını alırdı. Çar Rusiyası da, Sovet Rusiyası da fərdlərin, millətlərin özünə inamlarını qıran, inkisaflarıının qarşısını almaq üçün onların psixologiyalarinda özlərinə qarşı aşağılıq kompleksi yaradan laglağıdan bir idarəetmə vasitəsi kimi məharətlə istifadə edirdi. Səməd Vurğunun "Vaqif" əsərində "Yox da, çulu cırıq kiçik bir ölkə, Böyük Firdovsilər yaratdı bəlkə" - deyə vəzirin - imperiyanın baş ideologunun dili ilə lağlağının bir müstəmləkəçi idarəçilik forması olduğu bədii ustalıqla verilib.

Mayası lağlağı ilə qoyulan Azərbaycan nəsri təbii ki, bir əsr boyu bu ənənəni davam və inkişaf etdirməli idi. Bu laglağı nəsrin doğulmasına, bələnməsinə, yetişdirilməsinə xidmət edən mamaca tənqidcilərimizə də xüsusi qaydada təhsil və istiqamət verilib, təşviq olunub, ad-san qazandırılmışdır. Bu tənqidçilər sədaqətli qoruyucular kimi müstəmləkəçi-lağlağı ədəbiyyatın keşiyində durur, əsil ədəbiyyatın milli hiss və düşüncələrin yüksəlişinə rəvac verəcək qanadlarını doğrayırdılar. Bu bu gün də belədir.Həm də daha idbar şəkil alaraq. Sovet müstəmləkəçiliyini qlobalist taşeronçuluğu əvəz edir. Postmodernizm bizdə bir ədəbi-fəlsəfi təfəkkür olaraq insanlığın düşüncə və sənət tarixinin təbii davamı kimi yox, zorən, milli-mənəvi dəyərlərin, demək, həm də milli dövlətçilik sərhədlərimizin tamamilə məhvinə yönəlmiş düşünulmüş bir müstəmləkəçilik siyasəti kimi meydana çıxdı və davam və inkişaf etdirilməkdədir.

Postmodernist ədəbiyyatın bədii vasitələri olan pastbiş, ironiya çağdaş Azərbaycan ədəbiyyatında lağlağı forması aldı. İnsan mənəviyyatının böhranını, xəstəliyini göstərən, bununla da onun sagalmasına, normallaşmasına istiqamətlənən ironiya, özünəironiya insan mənəviyyatını, milli dəyərləri alcaltmağa yönəlik laglağıya transformasiya olundu. Orijinallığın olmaması, dünya ədəbiyyatından kobud, qeyri-yaradicı mənimsəmələr, plagiat, mexaniki tətbiq ədəbiyyatın aydınlıq, yaradıcılıq, quruculuq missiyasından çox, qeyri-müəyyənlik, dağıdıcıliq funksiyasına yol açdı.Bu gün ədəbiyyatda hər hansı bir müsbət obraz yaradilması cəhdi pafos adı, damgası ilə cəzalandırılır. Ədəbiyyat yüksək hiss-həyəcanın, mənəvi dəyərlərin, həyat eşqinin yox, inersiyanın, bayağılığın, , messanlığiň, duyğu səfalətinin, daxili məğlubiyyətin ifadəçisi olmağa yönəldilir.

Ədəbiyyatın, sənətin də düşduyü və daha da köruklədiyi bu illət - LAĞLAĞILIQ xərçəng xəstəliyi kimi metastaz verib bizim psixologiyamızı gəmirir. Fərdin və millətin həyatınin əsaslarindan biri olan ÖZÜNƏHÖRMƏT hissini məhv edir. Sabirin keçən əsrin dindirişinə verdiyi cavab hələ də aktualdır: "İstiqbalımız lağlağıdir".Bu günümüzü və sabahımızı bu illətdən qurtarmaq yollarını axtarmalıyıq.