Əbülfət Mədətoğlu : - Namuslu sözün  İŞIĞINDA

YAZARLAR 08:30 / 19.12.2024 Baxış sayı: 615

 

 

Ədəbiyyatımızın taleyində də bir yurd nisgili, bir vətən həsrəti yer tutur. Yəni böyük ədəbi mühitin bir hissəsini öz nəzarəti altına alıbdı. Bu mənim üçün hardasa zaman-zaman şəhər və bölgə ədəbiyyatı ideyasını ortaya atanların fikirlərinə qarşı daxilən müəyyənləşdirdiyi özəl bir düşüncədi. Yəni mən istər Arazın o tayında, istər İrəvan mahalında, istər 30 il işğalda qalmış bölgələrimizdə yaranan ədəbiyyatı böyük ədəbiyyatımızın ayrıca bir hissəsi hesab edirəm. Çünki onun nümunələrinin və bu nümunələri yaradan müəlliflərin taleyi həsrətlə notlanıb. Nə qədər sevinmək istəsələr də, qürrələnmək istəsələr də, bütöv vətənin, bütöv ədəbiyyatını ortaya qoymaq istəyi arzularının gerçəkləşməsinə mane olan həmin o işğalın, həmin o parçalanmanın fəryadında, ahında, nisgilində, göz yaşında boğula-boğula qalıb. Mən zaman-zaman Arazın o biri üzündən gələn səsləri dinlədikcə düşünmüşdüm ki, Arazın bu üzündə – yəni Şimali Azərbaycanda o səslər eşidilir.

Xüsusilə 30-cu, 40-cı illərdə və hətta 50-ci illərdə də Cənubi Azərbaycandan pərvazlanan, köçüb müəyyən yollarla Şimali Azərbaycana qovuşanlar Arazın o biri üzündəki ədəbiyyatın bu biri üzündəki ədəbiyyata qovuşmasında xeyli rol oynaya biliblər. Onların sırasında xalq şairi Zöhrab Tahirin, Mədinə Gülgünün, Balaş Azəroğlunun, Əli Tudənin və digərlərinin böyük xidmətləri danılmazdır. Amma 88-ci illin fevralından başlayan erməni işğalı bir milyon insanı yurd-yuvasız, didərgin salandan sonra həmin bölgədə yaranan ədəbiyyat da didərgin düşdü. Və o ədəbiyyatın təmsilçiləri qaçqın, köçkün kimi sığındıqları ünvanda ədəbiyyatı ayaqda saxladılar, dərdlərini, acılarını, xatirələrini, arzularını ədəbiyyata köçürtdülər. Bu cür yazarlardan biri imzası və sözü, eləcə də şəxsiyyəti mənə çox yaxın olan, yəni izlədiyim, tanıdığım Məcnun Göyçəlidir. Məcnun Göyçəli özünün bütün əsərlərinin əsas qəhrəmanı kimi yurd nisgilini, doğma yerlərin cizgilərini, xoşbəxt günlərini və təbii ki, həm də xatirələrini yorulmadan qələmə alan şairlərimizdən biridir. Onun əksər kitabları dövrü mətbuatda yayımlanan söz nümunələri, demək olar ki, məhz Göyçənin, Zəngəzurun, Dərələyəzin, bir sözlə, hələ də işğalda olan torpaqlarımızın tərənnümü və təsvirindən ibarətdir. Ən maraqlısı və xüsusi qeyd edəcəyim bir detal var – o da həmin şeirlərdə Məcnun Göyçəlinin içindəki böyük yurd sevgisinin və bir də səmimiyyətin açıq-aşkar duyulmasıdı. Şair şeirlərinin hamısında misralarını ünvanladığı təbiətlə, torpaqla, insanlarla danışırmış kimi həmsöhbət olur. Ona görə də onun şeirlərini oxuyanda sanki kiminsə söhbətini dinləyirsən, kiminləsə dərdləşirsən.

Mən tez-tez kitablarını gözdən keçirdiyim Məcnun Göyçəlinin poeziya dünyasında özümü sözün həqiqi mənasında onunla bir yerdə, bir səngərdə görürəm. Bax, elə Məcnun müəllimin unudulmaz xalq şairimiz bugünlərdə 100 yaşı tamam olan Hüseyn Arifə yazdığı şeirin özündə də həmin dediklərimin nə qədər doğru olduğunu siz də görə bilərsiniz. Şair yazır ki:

 

Bu dağların bizə gəlir gümanı,

Leysan yağıb, duman kəsməz aranı!

Qəm-qubara qurban verdik İmanı,

Hüseyn Arif, dağılmarıq Göyçədən!

 

Bulaqlarda nənələrin gözü var,

Hər daşın da söhbəti var, sözü var,

Özümüzdə Ələsgərin özü var –

Hüseyn Arif, dağılmarıq Göyçədən!

 

Göyçəliyəm, dağlar verib səbrimi,

Axıtmışam torpağına tərimi.

Yolun düşsə burda axtar qəbrimi -

Hüseyn Arif, dağılmarıq Göyçədən!

 

Bir parçasını təqdim etdiyim bu şeirdə şairin Göyçə sevgisi özünü o qədər açıq-aşkar, o qədər gerçək bir şəkildə ortaya çıxır ki, onu hətta görmək istəməyən də görmək məcburiyyətində qalır!! Bu artıq həm şairin istedadını və təbii ki, bir də təkrar-təkrar vurğuladığım vətən sevgisinin gücüdür. Bunun qarşısında ancaq susmaq və o sevgini özünə, ruhuna köçürmək lazımdır. Çünki göyçəli olmağı ilə qurur duyan şair bizim hər birimizi də bu gün göyçəli, zəncəzurlu, dərələyəzli, bir sözlə, ermənilərin silah gücünə bizdən aldıqları yerlərin sakini, təmsilçisi, yurdçusu olmağa çağırır.

Məcnun Göyçəlinin YURDUM! – deyə üz tutduğu o yerlərin hər qarışı şeirdə adama yol gözləyən gözü yaşlı bir ananın, beli bükülmüş, əsası əlindən düşmüş bir atanı xatırladır. Bax, onların da düşüncələri şeir formasında, həm də bizim qovuşmaq arzumuzu cilalayır. Yəni bizim də hardasa mürgüləyən hislərimizi oyadır.

Təbii ki, Məcnun Göyçəlinin Azərbaycan əsgərinə, Azərbaycan oğullarını inamı, güvəni və sevgisi də şeirlərində xüsusi bir yer tutur və o, əsgərə müraciət edəndə ona ən böyük məsləhəti, ən böyük arzusu «düşmənə kürəyini çevirmə» tövsiyəsidi. Yəni düşmənin üstünə getməyə və qalib gəlməyə hazır ol deyir Məcnun Göyçəli. Mən Məcnun Göyçəlinin böyük turan, türk dünyası barəsində şeirlərində də birlik, həmrəylik və ən vacibi böyük qələbəyə inam notlarını da açıq-aşkar görürəm və onlarla nəfəs-nəfəsə qalıram. Elə bu məqamda vurğulayım ki, Məcnun müəllimin sevgi şeirlərində də özünə inam hakimdir. Onun qoşmalarında tərənnümlə yanaşı təsvir də mükəmməl şəkildə görünür, duyulur və hiss edirsən ki, şairin sevgisi ürəkdən qaynaqlanır. Ona görə də yazır ki:

 

Yazılmamış bir dastansan,

Qələm məndə, sinə səndə!

Tellərindən tel ayıram,

Sazım-sözüm dinə səndə!

 

Eşqə sarı üzən sonam,

Səndə ürək, səndə canam!

Od vurarsan, elə yanam,

Külüm oda dönə səndə!

 

Demə Məcnun bivəfadır,

Əzabın da xoş səfadır!

Apardığım son cəfadır,

Könlüm qaldı yenə səndə!

 

Bu şeirin yaratdığı ovqat o qədər səmimidir ki, inanmamaq və o duyğulara səs verməmək mümkün deyil. Zənnimcə bu da Məcnun Göyçəli yaradıcılığındakı həssaslığın, diqqətli olmağı və həm də bütövlükdə səmimiyyətin onun ruhuna, yaradıcılığına hakim olmasının bəhrəsidir. Bu mənada Məcnun Göyçəli yaradıcılığı barəsində ətraflı şəkildə fikirlərini bölüşən tanınmış ədəbiyyatşünas, alim, tənqidçi Əsəd Cahangir yazır ki, «Məcnun Göyçəlinin həyat və yaradıcılığını ən dəqiq bu sözlər səciyyələndirə bilər – namusla yaşamaq və namusla yazmaq!». Həqiqətən də yaradıcılığına böyük sayqı bəslədiyim və izlədiyim Məcnun Göyçəlinin şeirləri böyük hərflərlə yazılacaq namuslu yaradıcının söz çələngidir. Onun ətrini duymamaq mümkün deyil.