Salman Qaralar şair, publisist : - Nakam məhəbbət, yoxsa müasir eşq?
Fazil Sənanla tanışlığımın tarixi 40 ilə yaxındır. Həm eyni ixtisaslı müəllim, həm də qələm adamları kimi uzun illərin həmkarıyıq. Olduqca sadə, səmimi, istiqanlı insandır. Ünsiyyət saxlamağı, həmsöhbət olmağı, müxtəlif tədbirlərə qoşulmağı xoşlayır.
Əgər belə demək mümkündürsə, Fazil Sənanın əsərlərinin ilk oxucularından biri də mən olmuşam. Adi həyat, məişət məsələlərindən, hamının gördüyü, ancaq çoxunun diqqət vermədiyi hadisələrdən mövzu götürmək, maraqlı bir hekayə yaratmaq qələm dostumun şakəridir.Bir müddət bundan əvvəl onun “Çəkələk xanım” hekayəsini oxuyanda müəllifin sənətkarlıq qabiliyyətinə, hadisələri real, təbii boyalarla vermək məharətinə alqışlar söyləmək keçdi ürəyimdən. Bir neçə dəfə də ürəyimdən keçibdi ki, Fazil müəllimin əsərlərindən biri haqqında bir oxucu sözü, mülahizəsi söyləyim, qələm dostum haqqında bir məqalə də yazım. “Əsrayılla rəqs” adlı əsəri haqqında nəsə yazdım da. Ancaq vaxt keçdi, yazımı səliqəyə, sistemə salıb nə mətbuata verə bildim, nə də Fazil Sənanın özünə. Halbuki, AYB-nin Gəncə bölməsində qələm sahibləri içərisində ən çox tanıtma, təhlil xarakterli yazanlardan biri, bəlkə də, birincisi, Fazil müəllimdir. Bu sətirlərin müəllifinin ilk şeirlər kitabı- “Köksüz qayalar” haqqında da Fazil Sənanın geniş bir məqalə yazdığını hörmətlə xatırlayıram.
***
Fazil Sənanın yaradıcılıq diapazonu çox geniş olsa da, hekayə, povest janrlarına daha çox müraciət edir. Müəllifin son qələm məhsullarından olan “Qüruba enən günəş” irihəcmli nəsr əsəridir. 2022-ci ildə nəşr olunmuş bu romana mərhum tanınmış şair İnqilab İsaq “Yazıçının özü və sözü”... adlı maraqlı bir ön söz yazmışdır. Əsərdəki hadisələr ardıcıllıqla baş verir, bir-biri ilə əlaqələnir, bir əhvalatdan digərinə ustalıqla keçilir.
Əsərin baş qəhrəmanı Fariz orta məktəbin son sinfini öz kəndlərində yox, qonşu rayonun bir kənd məktəbində oxuyur. Nazik bədənli uca boylu, yaraşıqlı bir oğlan olan Fariz məktəbə gəldiyi ilk gündən yaxşı oxumağı, mehribanlığı, ciddiyyəti ilə müəllimlərin də, sinif yoldaşlarının da hörmətini qazanır. Sinfin ən gözəl, savadlı qızı Fərəh ilə Farizin arasında yaranan dostluq münasibətləri tədricən gizli bir eşqə çevrilir. Bu gənc oğlanın ilk “eşqnaməsi”nə cavabında “dəli keçisi” də onu sevdiyini yazır.
Orta məktəbdə təhsil prosesi bitir, gənclər bir təhsil pilləsini tamamlayaraq bir-biri ilə vidalaşıb ayrılırlar. Hər ikisi ali məktəbə qəbul olsalar da, bir müddət bir-birlərindən xəbər tuta bilmirlər, xəyallarda danışırlar. Bahar günlərinin birində yenə xəyalında Fərəhlə danışan Fariz avtobus dayanacağında onu təsadüfən görür. Bundan sonra hər iki gəncin həyatında yeni bir mərhələ başlayır. “Ürəkləri sızıldadan tələbəlik illəri” sona yaxınlaşdıqca bu iki gəncin nigaran, narahat anları da başlayır. Fariz “atasının tanımadığı qıza elçi getməyəcəyini” bildiyi üçün Fərəhin ona qoşulub qaçmasını istəyir. Fərəh isə deyir:
- Fariz, məni böyüdən atam-anam var. ...Bir dəfə sənin adamların bizim qapıya elçi gəlsinlər. Əgər ata-anam razı olmasalar, ondan sonra ...mən sənin yanında hazır...
Əsərin bu hissələrində hər iki gəncin təcrübəsizliyi özünü göstərir. Əslində bu gənclərin qarşısında elə bir maneə də yoxdur. Sadəcə olaraq Fariz atasının elçi getməyəcəyini, Fərəh isə ata-anasından xəbərsiz ərə getməyəcəyini bildirir. Bu gənclərin ətrafında onların könül dünyasından xəbərdar dostları yoxdur ki, onlara lazımi məsləhət versinlər, düzgün istiqamət göstərsinlər. Beləliklə, hərə öz inadını yeridir, heç biri öz səhvini görmür, vüsal yolu axtarmır.
***
Farizin öz rayonlarında işə başlaması, hərbi xidmətə getməsi, evlənməsi, oğul övladının doğulması onun diqqətini Fərəhdən yayındırır, ancaq tam unutdura bilmir. Belə hallarda özünün də günahkar olduğunu hiss edir. Bu hissələrdə biz Fərəhin Farizlə müqayisədə daha etibarlı, daha iradəli olduğunu görürük. Fərəh də öz rayonlarında işə başlayır, gələn elçilərə rədd cavabı verir, Farizə qovuşacağına qəlbinin dərinliklərində bir ümid bəsləyir. Farizin başqa bir qızla evləndiyini bilən bu mələk xislətli gözəl qız xəstələnir, ruhi sarsıntı keçirir. Nəhayət, valideynlərinin təkidi ilə ailə qurmağa, onu sevən Qəni ilə evlənməyə razı olur.
Romanda diqqəti çəkən cəhətlərdən biri də budur ki, Fərəh də tələbəlik illərində etdiyi səhvləri indi görür, özü-özünü qınayır. Fəqət, atılan ox geri dönmür.
***
Farizin hərbi hissədəki iş yerindən Kalininqrad şəhərinə oxumağa, oradan da sonra Əfqanıstana göndərilməsi, ziddiyyətlərlə dolu bu müsəlman ölkəsində çoxlu hadisələrlə qarşılaşması fonunda yenə də bu gənc qəhrəman heç vaxt Fərəhi unutmur. Qarabağ müharibəsi başlayanda könüllülər batalyonuna yazılmasına həyat yoldaşının etiraz etdiyini eşidən Fariz deyir: “Ağlı kəsmir ki, kişi nədən ötəridi? Torpağını, namusunu qorumaq üçün. Əsir düşən qız-gəlinlər neyləsin?”
İki ilə yaxın torpaqlarımızın erməni işğalçılarından qorunmasında fədakarlıq edən Fariz yaralanaraq evə dönür.
Bu məqamda Fariz yenidən Fərəhi xatırlayır. “Görəsən, Fərəh də bu cür düşünərdimi? Yox! İnanmıram”.
Fariz sağalır, iş həyatı, qayğıları ilə gününü keçirdiyi vaxt gözlənilməz bir zəng onu keçmişə qaytarır. Fərəhin görüntülü zəngi hər ikisini kövrəldir, heç biri dinib-danışmır. Gözlərdən yanağa sevinc yaşları axır...
***
Farizin vəfatındansonra-“qara bayram” ərəfəsində arvadı Elnarə, oğlu Fərid və gəlini məzar üstünə gəlirlər. Məzarın silinib-təmizləndiyini, üstünə əklil qoyulduğunu, bir mollanın isə “Quran” oxuduğunu görürlər. “Quran” oxunub qurtaranda bir qara paltarlı qadın mollaya pul verib taksiyə minərək qəbirstanlıqdan uzaqlaşır.
Bu qadın Farizin “dəli keçisi” Fərəh idi. Romanda diqqəti çəkən məqamlardan biri də odur ki, Farizin oğlu Fərid tərəddüd etmədən sevdiyi qızla evlənir. Deməli, müasir gənclik ənənəvi eşq anlayışına da müasir gözlə baxmağı bacarır.
***
Nəsr əsərlərinin forma və məzmunun mükəmməlliyi bir-birini tamamlayanda, süjet və kompozisiya düzgün qurulanda bədii əsərin dəyəri qat-qat yüksəlir. Bədii əsərin dilinin obrazlı olması, sətiraltı mənalardan, ideomatik, frazeoloji vahidlərdən düzgün istifadə edilməsi də mühüm şərtlərdən hesab olunur. Fazil Sənanın “Qüruba enən günəş” romanında qəhrəmanların danışıq dili sadə və aydındır, canlı xalq dili səpkisindədir. Müəllifin təhkiyə dili də ədəbi dilin normalarına uyğun olan sadə, anlaşıqlı, oxucunu yormayan bir dildir. Obrazların dilində olduğu kimi müəllifin dilində də ümumiişlək olmayan söz və ifadələrə təsadüf edilmir.
***
Ömrünün də, yaradıcılığının da kamillik dövrünü yaşayan Fazil Sənana - istedadlı nasir, ədəbiyyatşünas qələm dostuma yeni yaradıcılıq uğurları arzu edirəm.
09.09.2024-cü il.