Şakir Xanhüseyn : - AYAQLI şeir

Ədəbiyyat 08:43 / 10.04.2025 Baxış sayı: 1068

 

ayağın düz yolda sürüşkəndisə,

qoy tikan dalasın, qanatsın daşlar...

başını unudub, deyirsən səni

irəli aparan ayaqların var?

 

ayağın dayansın səhv addımlardan,

çətində ayağın... əlini tutsun...

sanma yol genişdi, nə olacaq ki;

ayağın qoy doğru yerini tutsun...

 

yollar sevinirmi sən yeridikcə,

xəyanət etmədin əsla yoluna;

yola dürüstlüklə möhür vurmağa

qəlbin izn vermiş ayaqlarına...

 

daş-tikanla dolu ömür yolunda

kim isə atdığı addımı sayır...

yolun qulağına ağız söykəyib,

görən, ayaqların nə pıçıldayır...

 

başını çiynində gəzdirmək ilə

yola hesablanıb, yola, ayağın...

nə bilim, yol getmək qərarını da

əvvəl başın verir, yoxsa ayağın?!