Qəşəm İsabəyli:-  BU GÜNƏ  YARAŞMAYAN ŞEİRLƏRİM

Ədəbiyyat 12:30 / 20.04.2025 Baxış sayı: 808

 

Qəzetdə çıxan kimi şeirlərim,

Gözümdən düşür.

Götürüb redaktora zəng eləyib,

Razılıq da bildirmirəm.

Yüz dəfə üzr istəyirəm ürəyimdə,

Min dəfə dil-ağız eləyirəm azından.–

Bu günə yaraşmayan şeirlərimi

Çap etdiyinə görə.

Hələ də sovet şeirləri yazır şairlərimiz.

Hələ də pəhə-pəhlə

Yer verir onlara ölkə mətbuatı,

Deyirlər, yaxşı da görünür səhifədə,

Lap bəzəkli gəlin kimi –

Bircə başının duvağı çatmır.

Niyə də olmasın?!

Ağzında dişləməyə dişi yox,

Qaş altında görməyə gözü yox,

Kəlləsində söz deməyə sözü yox,

Laldı...

Kardı...

Kordu...

Mırığdı...

Bizə belə şeirlər lazımdı.

Ən azından üzü danlanmayacaq

Şöbə redaktorunun.

Zibillənir, cəhənnəmə zibillənsin

Azərbaycan türkcəsi!

Sabir demişkən:

“Yatmışları razı deyiləm, kimsə oyatsın!”